İtaliyanın “Parma” klubu baş məşqçisi Fabio Pekkya ilə yollarını ayırıb, onun əvəzində isə Kristian Kivunu baş məşqçi təyin edib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, klub rəhbərliyi ardıcıl 4 məğlubiyyətdən sonra Pekkya ilə əməkdaşlığa son verib. Komanda ilin əvvəlindən keçirdiyi 7 oyunun heç birində qələbə qazanmayıb. “Parma” 25 turdan sonra 20 xalla düşmə zonası olan 18-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 25 oyunda cəmi 4 qələbə qazanıb, 8 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Fabio Pekkya 2022-ci ilin iyun ayından “Parma”ya rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında bütövlükdə 110 oyuna çıxıb, 46 qələbə, 32 heç-heçə və 32 məğlubiyyət görüb. 51 yaşlı italiyalı mütəxəssis “Parma”dan öncə “Qubbio”, “Latina”, “Napoli” (köməkçi), “Real” (köməkçi), “Nyukasl” (köməkçi), “Verona”, “Avispa Fukuoka”, “Yuventus” (U-23) və “Kremoneze”də də çalışıb.

Pekkyunun əvəzində baş məşqçi təyin olunmuş rumıniyalı Kristian Kivu isə yeni klubu ilə cari mövsümün sonunadək anlaşıb. Gənc mütəxəssis komandanı A Seriyasında saxlaya bilsə, onunla yeni müqavilə imzalanacaq.
Futbolçu karyerası ərzində “Ayaks”, “Roma”, “İnter” kimi klublarda oynamış Kivu 2018-ci ildən məşqçilik edir. O, bu müddət ərzində Milan “İnter”inin U-14, U-17, U-18 və U-19 komandalarına rəhbərlik edib.
