EN

Türkiyəli məşqçinin komandası Ronaldosuz ''Əl-Nəssr''i məğlub edə bilmədi

Asiya Çempionlar Liqasında 8-ci turun oyunları keçirilir.

Dünən qərb qrupunda İsmayıl Kartalın çalışdırdığı İran təmsilçisi ''Persepolis'' doğma ''Azadi'' stadionunda Səudiyyə Ərəbistanı nəhənglərindən olan ''Əl-Nəssr''i qəbul etdi. Kriştiano Ronaldonun bu qarşılaşmada iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Hələ oyundan 2 gün öncə portuqaliyalı superulduzun siyasi məsələlər və İsrailin İrana yönəltdiyi təhdidlər üzündən bu ölkəyə getmək istəmədiyi bildirilmişdi. ''Əl-Nəssr''in digər ulduzlarından Mane bütün oyunu ehtiyatda keçirdisə, Simakan ilə Brozoviç start heyətində meydana çıxdı. Lyaport isə sonradan oyuna daxil oldu.

Əslində ''Əl-Nəssr'' növbəti mərhələyə vəsiqəni artıq təmin edib. Yəni məğlubiyyət komanda üçün faciə olmayacaqdı. 12 komandalı qrupda ilk ''8-lik''də qərarlaşanlar 1/8 finala vəsiqə qazanır. ''Persepolis'' üçün oyun daha ciddi əhəmiyyət kəsb edirdi. Amma qarşılaşma qolsuz başa çatdı. Tehran təmsilçisi xalını 7-yə yüksəltdi. Bu komanda ''Paxtakor'' və ''Əl-Qarafa'' ilə birlikdə 7-9-cu pillələri bölüşdürür.

Kartalın İran macərasının hələ ki, uğurlu keçdiyini söyləmək çətindi. ''Persepolis'' onun başçılığı altında keçirdiyi 5 rəsmi oyunun cəmi 1-də qalib gəlib (2 heç-heçə, 2 məğlubiyyət). Tehranlılar ötən həftəiçi əlavə vaxta gedən oyunda ''Sepahan''a 2:3 uduzaraq ölkə kubokunda mübarizəni 1/8 finalda dayandırmalı olmuşdular.

ƏLİ

Chosen
67
football-plus.az

1Sources