Avtomobil nömrələrinin satışı ilə məşğul olan şəxslər son zamanlar yeni və diqqətçəkən bir üsula əl atıblar. Onlar bahalı və cəlbedici avtomobil nömrələrini nisbətən ucuz avtomobillərə təhkim edərək alıcıların marağını cəlb etməyə çalışırlar. Bu, xüsusilə sosial şəbəkələrdə geniş yayılaraq böyük marağa səbəb olur. İnsanlar bəzən bahalı nömrələrin ucuz avtomobillərdə görünməsinə təəccüblə yanaşır və bunun səbəbini anlamağa çalışırlar.
Avtosfer.az-ın apardığı araşdırmalara əsasən, son günlərdə bu cür hallar daha da artıb. Alverçilər bahalı nömrələri göstərmək üçün köhnə və ucuz avtomobillərə təhkim edirlər. Onların məqsədi bu nömrələri alıcılara nümayiş etdirmək və daha yüksək qiymətə satmaqdır. Belə nömrələr, xüsusilə müəyyən rəqəm kombinasiyalarını sevən şəxslər arasında böyük maraq doğurur.
Məsələn, son günlərdə sosial şəbəkələrdə yayılan bir videogörüntüdə köhnə və sadə bir avtomobil olan "VAZ 2101" markalı maşının üzərində "10-ON-002" nömrəsi əks olunub. Bu görüntü çoxlarının diqqətini çəkib. İcbari Sığorta Bürosunun sistemində aparılan araşdırma nəticəsində məlum olub ki, həmin avtomobilin üzərində bir neçə ay əvvəl "10-FX-100" nömrəsi olub. Sürücü həmin nömrəni satdıqdan sonra bu dəfə yeni nömrəni avtomobilə təhkim edib ki, onu da satışa çıxarsın.
Sözügedən videonu təqdim edirik.
Fərid