EN

“Vur qabağa” futbolunda balans ...

“Azərbaycan derbisi” yaşayır. Statistika amansız şəkildə “Qarabağ”ın xeyrinə olsa da, bu matçlar adəti üzrə diqqət mərkəzindən düşmür. Bu dəfə də belə oldu, daha gözəl ab-hava vardı, daha gərgin rəqabət hiss olunurdu. Samir Abasovun toparladığı “Neftçi”, Qurban Qurbanovun enişdən çıxartmağa çalışdığı “Qarabağ”la qarşılaşmada tribunalar matçın özündən ön plana çıxdı. Şübhəsiz, Liqada oyunların əksəri bu ortamda oynansa, biz öz azarkeşimiz üçün türklərin Superliqası, böyük beşlik Liqalarını “ehtiyat skamya”ya göndərə bilərik. Buna şübhəm yoxdur.

Oyunun özünə gəlincə, Medinanın qırmızısı onsuz epizodsuz davam edən qarşılaşmanı ümumiyyətlə söndürdü. Qonaqlar arxaya çəkildilər, meydan sahibləri isə öncə arxayınlıq, sonra da güc yetməzliyi səbəbindən xüsusi aktivlik qura bilmədilər. Ağdamlılar sona yaxın təşəbbüsü ələ almağı bacardılar və basqıları öz bəhrəsini verdi. “Qarabağ” kimi komandalar müdafiədəki zəncirvari səhvləri bağışlamırlar, nöqtəni də şimal soyuğu kimi “Panenka” ilə qoyurlar. Yankoviçin o zərbəsi həm futbolçunun, həm də komandanın böyük matçlar təcrübəsinin meydandakı inikası idi. Hər halda, derbi atmosferi yaşadıq, türklər demiş, dadı damağımızda qaldı. Buna görə hər iki komandaya təşəkkür düşür. Ardı gəlsin.

– Berdıyev tərsliyindən məcburi imtina etməsəydi və qonaqlar da azlıqda qalmasaydılar, "Turan" bu turu da xalsız başa vura bilərdi. Jonun zədələnməsindən sonra Xəyal Nəcəfovun girişi oyunun rəsmini dəyişdi. Ötən həftə də yazmışdım ki, Kurban Bekiyeviç öz “vur qabağa” futboluna yüngülvarı balans gətirməlidir. Hücum xəttinə ortadan lazımi dəstək, “ikinci dalğa” gəlmədiyinə görə forvardlar gözdən itir, ancaq döyüş və mübarizə ilə yadda qalır, son nöqtəni qoymaq vaxtı gələndə hazır olmurlar. Başa düşürəm, zədələr çoxdur, heyət super deyil, ancaq əldəkindən də səmərəli istifadə etmək lazımdır.

– Vaqif Cavadov təhlükəli sularda üzür. Gənc mütəxəssis qol vura, qələbə qazana bilməməklərinə səbəblərdən biri kimi kənar qüvvələri, falçı və bədduaçıları göstərməyə başlayıb. Bəli, başa düşürük ki, zarafatdır. Amma hər zarafatda bir həqiqət payı var və məşqçi bu sözləri dilə gətirirsə, deməli buna az da olsa inanır. Bu isə yaxşıya əlamət deyil. Heç bir dua ilə müdafiə xəttini “proxodnoy dvor” eləmək mümkün deyil. Heç bir dua ilə Yansane kimi hücumçunu qapıya düşməkdən çəkindirmək olmaz. Belə şeylərin başını buraxıb işə köklənmək lazımdı. Yoxsa qayadan düşən parça sürətilə aşağı dəstəyə yuvarlanan komandanı heç bir xoş dua xilas etməyəcək.

– Vasili müəllimin də “Sabah“ı işıqlı görünmür. Aydındır ki, rusiyalı mütəxəssis mexanizmi otuzdurmağa, müəyyən sistem qurmağa çalışır. Bunu uzunmüddətli perspektiv baxımından müsbət dəyərləndirmək olar. Ancaq əvvəlcə o perspektivə gedib çıxmaq lazımdır. “Səbail” kimi rəqibləri yenmək üçün hansısa sistemə, strategiyaya, elmi baxış bucağına malik olmaq lazım deyil. Kustar üsulla da olsa, bir yolunu tapıb 3 xalı aktivə yazmaq gərəkdir. Ötən tur “Qarabağ” bunun yolunu göstərdi. Onlar 5 top vurmuşdu, siz minimum 1 dəfə buna nail olmalı idiniz. Bacarmadız, məsuliyyət də sizin üzərinizdədir. Kubokda mümkün uğursuzluq qeyd olunan perspektivi artıq retrospektivə çevirəcək. Ehtiyatlı və hazır olun.

Chosen
32
vaxt.az

1Sources