EN

Konate: “Belə nəhəng klubların mənə maraq göstərməsi…”

“Liverpul”un və Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate PSJ və “Real” tərəfinfən ona olan maraq haqda danışıb.

Arena.az fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Belə nəhəng klubların mənə maraq göstərdiyini eşitmək çox xoşdur! Hazırda mən cari mövsümə diqqət cəmləmişəm, buna özümü bütünlüklə həsr edirəm, qalanları haqda isə mənim nümayəndələrim qayğılanacaqlar”, deyə 25 yaşlı müdafiəçi bildirib.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçib.

Fransalı futbolçu bu mövsüm “Liverpul”un heyətində 27 oyuna çıxıb. O, bu oyunlarda 2 qola imza atıb, həmçinin 2 məhsuldar ötürmə müəllifi olub. Konatenin İngiltərə klubunun heyətindəki ümumi göstəriciləri belədir: 117 oyun, 5 qol və 4 məhsuldar ötürmə.

Fransa yığmasının üzvü “Liverpul”la 4 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 21 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Chosen
30
arena.az

1Sources