Türkiyənin qərbində, Egey bölgəsində yerləşən Kütahya zəngin tarixi və təbii gözəllikləri ilə tanınan şəhərlərdən biridir. Şəhər qədim Frigiya dövründən bəri müxtəlif sivilizasiyalara ev sahibliyi edib və keramika sənəti ilə məşhurdur. Əhalisi təxminən 600 min civarındadır və sakit, amma dinamik bir mühitə malikdir. Sənaye və universitet şəhəri kimi tanınsa da, burada futbol da böyük yer tutur. Buraya səfərim zamanı Kütahyada futbolun necə böyük sevgi ilə qarşılandığını gördüm. Xüsusilə Dumlupınar Stadionu, köməkçi meydançalar və komandanın bazasında keçirdiyim vaxt bu şəhərin futbol mədəniyyətini daha yaxından tanımağıma imkan yaratdı.
Kütahyada ilk diqqətimi çəkən yer Dumlupınar Stadionu oldu. Türkiyənin 4-cü liqasında çıxış edən "Kütahya Belediyespor"un oyunlarını keçirdiyi bu stadion hər matçda azarkeşlərlə tamamilə dolur. Bu liqa səviyyəsində olan komandanın oyunlarına belə böyük maraq göstərilməsi Kütahyada futbolun bir mədəniyyətə çevrildiyini göstərir. Azarkeşlərin dəstəyi inanılmazdır. Onlar yalnız tribunalarda deyil, şəhərdə də komandanın ətrafında birləşiblər. Hər oyunda komandanı sonadək dəstəkləyirlər. Komandanın rəsmi "fan shop"u da var. Şəhərin mərkəzində yerləşən bu mağazada "Kütahya Belediyespor"a aid formalar, şərflər, suvenirlər və müxtəlif aksesuarlar satılır. Bu, azarkeşlərin komandaya bağlılığını daha da gücləndirən vacib bir amildir. İnsanlar burada komandanın simvolik əşyalarını almaqla onlara dəstək olurlar. Şəhərdə futbolun bu qədər önəmli olması, dördüncü liqada çıxış edən bir komandanın belə geniş azarkeş bazasına sahib olması doğrudan da diqqətçəkən məqamdır.
Stadionun yanında isə iki köməkçi meydança var. Ən maraqlısı isə bu meydançaların hamıya açıq olmasıdır. Kim istəyirsə, topunu götürüb gəlib futbol oynaya bilər. Burada bir qrup uşaq məşq edir, digərləri isə sadəcə dostları ilə futbol oynayır. Belə meydançalar xüsusilə gənc nəsil üçün çox önəmlidir. Çünki azad futbol mühiti futbolçu yetişməsi üçün vacib faktordur.
Kütahya kiçik şəhər olsa da, burada bir neçə futbol komandası fəaliyyət göstərir. Əsas komanda olan "Kütahyaspor"un aşağı yaş qrupları var və bu komanda "Mavi Şimşek" adı ilə tanınır. Bununla yanaşı, şəhərdə başqa uşaq futbol komandaları da mövcuddur. Burada uşaqların futbol oynaya bilməsi üçün hər cür imkan yaradılıb – açıq meydançalar, akademiyalar və həvəskar klublar mövcuddur. Bu da futbolun inkişafı üçün çox vacib bir faktordur. "Kütahya Belediyespor"un bazasında qonaq olmaq mənə buradakı şəraitlə yaxından tanış olmaq imkanı verdi. Açığı, gördüklərim məni təəccübləndirdi. Klubun futbolçuları üçün yüksək səviyyədə şərait yaradılıb. Onların rahat yaşaması və məşq etməsi üçün hər şey düşünülüb. Klubun öz avtobusları, yeməkxanası, istirahət otaqları və futbolçuların yatmaq üçün nəzərdə tutulmuş yerləri var.
Maraqlıdır ki, Türkiyənin aşağı liqasında çıxış edən bir komanda üçün bu qədər yüksək səviyyədə şərait yaradılıb. Halbuki, Azərbaycanın əsas liqasında çıxış edən bəzi klubların belə imkanları yoxdur. Bu isə Kütahyada futbolun necə ciddi şəkildə təşkil olunduğunu göstərir.
Kütahyada futbol sadəcə bir oyun deyil, həm də cəmiyyətin bir parçasıdır. Uşaqların azad şəkildə futbol oynaya bilməsi, klubun futbolçular üçün yaratdığı şərait və azarkeşlərin komandalarına olan sevgisi bu şəhərdə futbolun necə yaşadığını göstərir.
Burada olmaq mənim üçün maraqlı təcrübə oldu. Kütahya göstərdi ki, futbol təkcə böyük şəhərlərin və yüksək liqaların oyunu deyil. Əsas məsələ futbolu sevmək və ona dəyər verməkdir.
Nihat Kərimli