2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıt şəhərlərində yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib.
Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.
Daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.