Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılar arasında etimad reytinqinin 4 faiz təşkil etməsi barədə xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın reytinqlə bağlı bəyanatına cavab verib.
Zelenski qeyd edib ki, sosial sorğuları şərh etmir, lakin Kiyev Beynəlxalq Sosialogiya İnstitutunun son reytinqi ukraynalıların 57 faizinin ona etimad göstərdiyini göstərir.
Onun sözlərinə görə, 4 faiz barədə məlumat ABŞ və Rusiya arasında müzakirə olunub: “Biz bunu başa düşürük və bildirmək istəyirik ki, bu rəqəmlərin ABŞ və Rusiya arasında müzakirə edildiyinə dair sübutumuz var. Çox hörmət etdiyimiz bir xalqın lideri kimi ehtiram göstərdiyimiz Prezident Trampın dezinformasiya məkanında yaşaması təəssüf doğurur”.
O vurğulayıb ki, hazırda əsas məsələ etimad reytinqi deyil, Ukraynanın Rusiya hücumlarından necə qorunması və hərbi əsirlərin geri qaytarılmasıdır.