EN

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Azərbaycan Respublikasının 2025-ci il 3 fevral tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır. Xarici çevrə dekorativ elementlidir.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ MƏTBUATI” sözləri, aşağı qövs boyunca “1875–2025” rəqəmləri yazılmışdır. Yazılarla rəqəmlərin arasında sol və sağ tərəflərdə qövs boyunca yuxarıya doğru uzanan sünbül çələngləri təsvir olunmuşdur.

2.3. Daxili çevrənin içərisində “150 İL” sözləri və bükülmüş vərəq və lələkdən ibarət kompozisiya yerləşdirilmişdir.

2.4. Bütün yazılar, rəqəmlər və elementlər relyefli olaraq, qabarıqdır, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi çevrə ilə konturlanmışdır. Çevrənin içərisində “AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 150 İLLİYİ” sözləri həkk olunmuşdur. Yazılardan aşağı hissədə “1875–2025” rəqəmləri yazılmışdır. Rəqəmlərdən sol, sağ və aşağı tərəflərdə üç düz xətt təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

3.3. Bütün yazılar, rəqəmlər və xətlər relyefli olaraq, qabarıqdır, qızılı rəngdədir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə üzərində relyefli aypara və səkkizguşəli ulduzdan, aypara və ulduzun sol və sağ tərəflərində bükülmüş lentlərdən ibarət kompozisiya həkk olunmuş 40 mm x 5,5 mm ölçülü metal lövhə bərkidilmişdir.

4.2. Xara lentin mərkəzində eni 11 mm olan qızılı rəngli şaquli zolaq təsvir edilmişdir. Mərkəzdən sol və sağ kənarlara doğru, ardıcıl olaraq 6,5 mm enində boz rəngli, 2 mm enində qızılı rəngli, 2,5 mm enində açıq göy rəngli və 2 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

1/1
Chosen
92
media.gov.az

1Sources