Media nümayəndələri bu gün təşkil olunan media-tur çərçivəsində Ağdam şəhərində inşa edilən “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olub.
Layihə rəhbəri Sinan Rəcəbli jurnalistlərə hotel haqqında məlumat verib. Bildirib ki, “Hilton Garden İnn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.
Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var. Birinci mərtəbə foye və gözləmə zonasından ibarətdir.
Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.
Hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.
“Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
"Cebheinfo.az"