EN

Aİ müşahidə missiyası sülh üçün deyil, geosiyasi məqsədlər üçün buradadır– ÖZƏL

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti və onun əsl məqsədləri yenidən müzakirə mövzusuna çevrilib.

Olaylar.az-a açıqlama verən siyasi şərhçi Sultan Zahidov bildirib ki, missiyanın əsas məqsədi sülhü qorumaq deyil, Aİ-nin geosiyasi maraqlarını təmin etməkdir:

"Aydın məsələdir ki, Markus Ritter özünü   rəhbərlik etdiyi missiya haqqında müsbət danışacaq. Ermənistandakı qurumların da bu fəaliyyətdən razı olması təbiidir. Çünki missiyanın mandatının uzadılması onların maraqlarına tam uyğundur. Ancaq sərhəddə insidentlərin azalmasının əsas səbəbi müşahidə missiyası deyil, Azərbaycanın çəkindirici gücüdür. Azərbaycan İkinci Qarabağ müharibəsində və 2023-cü ilin antiterror tədbirləri zamanı Ermənistana öz gücünü göstərdi. Bu hadisələrdən sonra Ermənistan şərti sərhəd zonasında hansısa təxribat törətməyə çəkinir.

Bu o demək deyil ki, təxribatlar tam dayanıb. Müşahidə missiyası yerləşdirildikdən sonra da Ermənistan tərəfindən müxtəlif provokasiyalar baş verib. Sadəcə, əvvəlki dönəmlərlə müqayisədə bu hallar xeyli azalıb. Lakin missiya regiona sülhü qorumaq üçün gəlməyib. Əksinə, onlar Aİ-nin geosiyasi məqsədlərini reallaşdırmaq,  Azərbaycana qarşı kəşfiyyat fəaliyyəti aparmaq və bölgədə sabitliyi pozmaq üçün buradadırlar. Ermənilər isə onlara arxalanaraq yeni təxribatlar törədə bilərlər. Bu da Cənubi Qafqazda təhlükəsizliyə və sülh prosesinə ciddi təhdiddir.

Bundan əlavə, bu missiyanın yalnız  Azərbaycana deyil, həm də Rusiya və İran üçün narazılıq yaratdığı məlumdur. Bu da onu göstərir ki, missiya heç də sülhpərvər məqsədlərə xidmət etmir", - deyə Sultan Zahidov vurğulayıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources