Ölkəmizin aparıcı banklarının tərəfdaşlığı ilə keçirilən aqrar biznes festivalları dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirak etdikləri belə tədbirlərdə müxtəlif xidmətlər təklif edilir, innovativ məhsul və avadanlıqlar nümayiş olunur.
2025-ci ilin ilk Aqrar Biznes Festivalı fevralın 19-da İmişli rayonunda keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər. Tədbirdə müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
Aqrar Biznes Festivalını giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalların kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların fermerlərə çatdırılması, eləcə də fermerlər və təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olduğunu bildirib. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov isə çıxışında dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmləri barədə danışıb. O, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.
Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kreditlərin verilməsi ilə bağlı məsləhət və tövsiyələr verib.
Bundan əlavə, tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel müzakirələr zamanı fermerlərə güzəştli kreditlər, kənd təsərrüfatına dövlət dəstəyi və digər maliyyə mexanizmləri barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb, aqrar təyinatlı kredit almaq üçün müraciət edənlərə texniki dəstək göstərilib. Festival çərçivəsində fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Xatırladaq ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes festivalları keçirilib. Sözügedən festivallarda 56 rayondan 17 min 171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub. Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6 milyon 125 min manat həcmində satış həyata keçirilib, Bununla yanaşı, kredit yarmarkalarında 6 bank tərəfindən sahibkarlara 1 milyon 662 min 77 manat dəyərində kredit verilib.