Politoloq: "Ermənilər də qorxur ki, Azərbaycan müharibə yolu ilə Zəngəzur dəhlizini aça bilər"
"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan partiya sədri Marukyanın təklifinə üçtərəfli bəyanatla bağlı cavab verib. Marukyan üçtərəfli bəyanatın 9-cu maddəsinin yerinə yetirilməsinin, Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin açılmasının lazım olduğunu bildirib".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
"Armen Qriqoryanın cavabından belə çıxır ki, guya biz sənədə qol çəkmək üçün onları məcbur etmişik. Ona görə də onlar 9-cu bəndi yerinə yetirmir. Sənədə əsasən Rusiya sülhməramlıları bölgəyə gəldiyi zaman Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı tərk etməli idilər. Ancaq onlar bunu etmədilər və Rusiya sülhməramlılarından silah dəstəyi aldılar. Erməni qeyri-qanuni silahlı dəstələri bölgədən Azərbaycan ordusunun gücü ilə çıxarıldı. İndi Armen Qriqoryan həmin bəndlərdən yaxasını çəkmək üçün bu cür çıxışlar edir. Bu gün də Ermənistanın daxilində belə fikirlər var ki, Ermənistan öz qol çəkdiyi sənədin şərtlərini yerinə yetirmir deyə müharibə şəraiti qalır. Ermənilərdə qorxu yaranıb ki, Azərbaycan müharibə yolu ilə Zəngəzur dəhlizini aça bilər".
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın üçtərəfli bəyanata qayıtmaq məsələsini nəzərdən keçirmədiyini bildirib.
Əfsanə Kamal
Demokrat.az