EN

Saleh Məmmədov gecə saatlarında “Qış qarajı”nda təcili müşavirə keçirdi

Gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə yollarda qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq istiqamətində görülən və görüləcək işlərlə əlaqədar olaraq təcili müşavirə keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə AAYDA məlumat yayıb.

 

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar “1 N-li Xüsusi Təyinatli Yol İdarəsi” MMC-də (“Qış qarajı”) keçirilən müşavirədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərdə, o cümlədən respublikanın avtomobil yollarında qarın təmizlənməsində və buzlaşmanın qarşısını almaq istiqamətində atılan addımlar müzakirə olunub.

 

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində problem müşahidə olunan ərazilərə kifayət qədər maşın-mexanizm və texnika cəlb edilməklə qısa müddətdə yaranmış çətinliyin aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

 

Qeyd edək ki, gecə boyu və səhər saatlarında qar təmizləyən və duz-qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda aparılmış tədbirlər nəticəsində hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

 

Gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.

 

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.



Chosen
24
10
senzor.az

10Sources