EN

DİN: Əməkdaşlar gücləndirilmiş rejimdə xidmət aparır

Bakı, 21 fevral, AZƏRTAC

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtla yanaşı, ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir. Mövcud hava şəraiti ilə bağlı dünən axşam saatlarından 102 Zəng Mərkəzinə daxil olan 417 çağırış üzrə dağ və meşə, həmçinin respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Chosen
10
32
azertag.az

10Sources