
Şəki şəhər Səməd Vurğun adına Folklor evində təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edərək, hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu söyləyiblər. Qeyd olunub ki, tarix boyu xalqların və millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapmışdır. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran natiqlər, həmçinin nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıblar.
Sonda Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.







