EN

İdmana dövlət qayğısı gənc nəslin sağlam ruhda tərbiyəsində mühüm rol oynayır - RƏY

Bakı, 22 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkə idmanının bundan sonra da inkişafına təkan olacaq. Beləliklə, Azərbaycan idmanında, milli Olimpiya Hərəkatında növbəti uğurlu mərhələnin başlandığını söyləyə bilərik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, müasir qloballaşan dünyada idman geniş əhali qruplarına təsir göstərir, eyni zamanda, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır. Ölkə daxilində mötəbər beynəlxalq yarışların keçirilməsi, xüsusən idmançıların beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir. İdmana dövlət qayğısının artması isə gənc nəslin sağlam ruhda tərbiyəsində, idmanın kütləviləşməsində vacib amil kimi çıxış edir.

K.Nurullayeva qeyd edib: “Son illər Azərbaycanın həm də idman ölkəsi kimi nüfuzu getdikcə artır. Bu sahədə də qazanılar uğurlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlətimizin başçısı Azərbaycan idmançılarına hər zaman diqqət və qayğı göstərir. İyirmi səkkiz ildir davam edən bu proses uğurlu nəticələr verməkdədir. Təkcə ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib, 1700-ə yaxın medal qazanıblar. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Azərbaycanın dünyada nüfuzunun getdikcə daha da artdığını vurğulayan deputat ölkəmizdə müvafiq strukturların vahid strategiya əsasında fəaliyyət göstərməsinin idman sahəsində daha çox nailiyyət əldə etməyə imkan yaratdığını deyib. “Hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan sonra da işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, yeni idman komplekslərinin inşası nəzərdə tutulur.

Dövlətimizin başçısı ilə mütəmadi görüşlər, təltif və mükafatlandırmalar da idmançılarımız üçün böyük stimul olur. Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir”, - deyə deputat vurğulayıb.

Azərbaycanın həm də beynəlxalq idman qurumlarının rəğbətini qazandığını diqqətə çatdıran K.Nurullayeva sözlərinə görə, uğurlu idman siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində ölkəmiz beynəlxalq arenada nümunəvi təşkilatçı kimi də tanınır.

Ölkədə aparılan gənclər siyasətinin idman sahəsindəki uğurlara müsbət təsirindən danışan parlamentari bildirib: “Təcrübə göstərir ki, idman istənilən cəmiyyətin həyatında bir sıra mühüm funksiyaları yerinə yetirir. İstər beynəlxalq aləmdə, istərsə də dövlətlərin öz daxilində informasiya müharibəsinin kəskin şəkildə güclənməsi şəraitində ümumilikdə idmanın, xüsusən də idman siyasətinin cəmiyyətdə baş verən proseslərə təsiri də artır. Bu mənada, idmançılarımız 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri, həm də təbliğatçısı kimi çıxış edirlər. Bu isə idmançılarımızın məsuliyyətini artırmaqla yanaşı, onların daha böyük qələbələr qazanmasını şərtləndirir”.

Chosen
22
azertag.az

1Sources