EN

Sosial xəbərlər

DOST-un dostluq töhfələri

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında  ötən dövr ərzində 650-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib. 

Onlardan 128-i əlillər, qalanları şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum şəxslər və digər həssas qruplara aid şəxslər olub. 

Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. 2021-ci ilin oktyabr ayında açılan mərkəzin İsmayıllı və Bərdə rayonlarında filialları var. 

Mərkəz və filiallarında hazırda 201 benefisiar 14 fərqli fəaliyyət istiqaməti üzrə təlimlərdə bacarıqlarını inkişaf etdirir. Benefisiarlarla bağlı bərpa işləri də aparılır. 

Bu ilin yanvar ayında DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib. 

2019-cu ilin may ayından fəaliyyət göstərən, sayı 7-ə çatan DOST mərkəzində 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.  

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edir.

Bu il 150 əmək yarmarkası keçiriləcək

Dövlət Məşğulluq Agentliyi bu il paytaxt və bölgələrimizdə 150 əmək yarmarkasının həyata keçirilməsini nəzərdə tutub. 

Onlardan İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəki və s. rayonlarda 20 yarmarka artıq təşkil olunub. Paytaxt və bölgələrimizdə təşkil olunan əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə müəssisələrdə mövcud olan vakansiyalar, həmin vakansiyalara  dair tələblər barədə məlumat verilir. 

Bu aktiv məşğulluq tədbirlərində işəgötürənlərin nümayəndələrinin vakansiyalara namizədlərlə ilkin müsahibələr təşkil edilir. Yarmarkalarda işsiz və işaxtaran şəxslər agentliyin icra etdiyi layihələr barədə də məlumat əldə edirlər.

Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1800 müəssisə 15 min 700 vakansiya təqdim edib. 

Məhkum qadınlarla görüş

Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlarla görüş keçirilib. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə keçirilən tədbirdə üç yaşınadək uşağı olan və cəzasının bitməsinə 3 ay qalmış məhkum qadınlar iştirak edib.

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkum qadınların sosial adaptasiyası, hüquq və azadlıqlarının qorunması məqsədilə qurumun həyata keçirdiyi tədbirlər, Agentliyin Sosial Adaptasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verib, sualları cavablandırıblar.  Bildirilib ki, bu dəstək tədbirləri könüllülük prinsipi və şəxsin razılığı əsasında həyata keçirilir. Cəzaçəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər təşkil olunur və aparılan qiymətləndirmənin nəticəsinə uyğun olaraq onlar müvafiq xidmətlərlə əhatə olunurlar. 

Görüşdə 7 qadının anket sorğusu əsasında qiymətləndirilmə aparılıb. Azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətlərinə cəlb edilməsi nəzərdə tutulur.

Z.HÜSEYNOVA
XQ

 

Chosen
17
xalqqazeti.az

1Sources