“Global Media Group”a qarşı növbəti kiberhücum dəf edildi
Referans.az Baku TV-yə istinadla xəbər verir ki, “Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı kiberhücum həyata keçirilib.
Bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV” və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb.
Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər görülüb. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunub ki, xəbər resurslarında yeni məlumatların yerləşdirilməsinə 24 fevral tarixindən etibarən başlanılacaq.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ ciddi nəzarətdə saxlanılır.