Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin kritik olduğu, lakin dünən axşamdan bəri o, daha bir tənəffüs böhranı yaşamadığı bildirilib.
Ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə fevralın 14-dən etibarən Romadakı Gemelli Xəstəxanasında müalicə olunan, polimikrob infeksiyası və iki tərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı Vatikan yazılı açıqlama verib.
“Papanın vəziyyəti kritikdir, lakin dünən axşamdan bəri o, başqa heç bir tənəffüs böhranı keçirməyib”, – məlumatda deyilir.
Açıqlamada Papaya iki vahid qan köçürüldüyü və bu prosedurun onun hemoqlobin səviyyəsinin artmasına müsbət töhfə verdiyi bildirilib.
“Onun trombositopeniyası (aşağı trombosit sayı) stabil qalıb, lakin bəzi qan analizləri yüngül böyrək çatışmazlığının başladığını göstərir və hazırda nəzarət altındadır. O, burnundan yüksək axınlı oksigen alır. Papa hələ də şüurludur və ətrafı ilə yaxşı ünsiyyət qura bilir. Klinik mənzərənin mürəkkəbliyi səbəbindən xəstəliyin gedişatını gözləmək lazımdır”.
Açıqlamada bildirilir ki, Papa xəstəxanada olduğu müddətdə ona qulluq edən insanlarla birlikdə səhər saatlarında xəstəxananın 10-cu mərtəbəsində onun üçün hazırladığı mənzildə keçirilən mərasimdə iştirak edib.
Vatikan da bu səhər verdiyi bəyanatda Papanın gecəni sakit keçirdiyini qeyd edib.
Papa xəstəxanadan mesaj göndərdi
Xəstəxanada müalicə aldığı üçün bu gün bazar duasını icra edə bilməyən Papa Fransisk bunun yerinə yazılı mesaj göndərib: “Gemelli poliklinikasında müalicəmi inamla davam etdirirəm. Lazımi müalicələr aparılır, istirahət də müalicənin bir parçasıdır. Bu xəstəxananın həkimlərinə və səhiyyə işçilərinə mənə göstərdikləri qayğıya görə ürəkdən təşəkkür edirəm”.
Papa mesajında Ukrayna müharibəsinin ildönümünə də toxunaraq, “Sabah Ukraynaya qarşı genişmiqyaslı müharibənin üçüncü ildönümü olacaq: bütün bəşəriyyət üçün ağrılı və utanc verici bir ildönümüdür”, – deyib.
Digər tərəfdən, dünən Roma Papasının səhhətinin pisləşməsi səbəbindən İtaliyanın bir çox kilsəsində Papa Fransisk üçün dualar edildiyi bildirilib.
Son illər sağlamlıq problemləri artıb
2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
Katolik ruhani lideri son illərdə diz ağrısı səbəbindən əlil arabasından istifadə edirdi.
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də xəstəxanaya müraciət edən və daha sonra tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilən Papanın sağlamlıq vəziyyəti ilə bağlı fevralın 18-də Vatikandan verilən açıqlamada Papa Fransiskin pnevmoniyaya tutulduğu və klinik vəziyyətinin mürəkkəb mənzərəni davam etdirdiyi bildirilib.
Vatikanın fevralın 19-da verdiyi açıqlamada Papanın oksigen dəstəyi almadığı və təkbaşına nəfəs ala bildiyi, dünənki açıqlamasında isə “cüzi yaxşılaşma” göstərdiyi qeyd edilib.
Papanın həkimləri, professor Sergio Alfieri və Lüsi Karbone fevralın 21-də verdiyi açıqlamada, “Papa təhlükədən tamamilə xilas olmasa da, hazırda həyatı təhlükədə deyil, bu gün kilsəyə gedib və dua edib”, – deyib.
Vatikan fevralın 22-də Papanın astma tutması keçirdiyini və onun vəziyyətinin “kritik” olduğunu açıqlayıb.