Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3 500kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.