EN

“Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq beynəlxalq arenada da getdikcə güclənir”

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri vacib məqamlarla yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verildi. Bakıda imzalanan yeni sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək.

Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Azərbaycan eyni zamanda ötən ilin sonunda Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-in üzvüdür. 

Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Rəsmi İslamabad bu vaxta qədər həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. 

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq beynəlxalq arenada da getdikcə güclənir. Bakı və İslamabad bundan sonra da beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək. 

Azərbaycanın və Pakistanın əhəmiyyəti regional siyasətdəki rolu, müsəlman dünyasındakı nüfuzu ilə müəyyən edilir.

Tərəflər eyni zamanda çox geniş iqtisadi gündəliyi də razılaşdırdılar və sərmayə imkanlarına aid praktiki layihələr yenidən müzakirə edildi.

İqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmaq isə əsas hədəflərdən biridir.

Pakistan eyni zamanda dünyanın altıncı ən böyük ordusuna malik ölkə hesab olunur. Bu mənada hərbi sahə də qarşılıqlı əməkdaşlıq üçün cəlbedicidir. Prezident İlham Əliyev də bəyan etdi ki, “Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib.

Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaq.”

İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu var. 

Bir sözlə, Azərbaycan və Pakistan öz tərəfdaşlıq perspektivlərinə haqlı olaraq nikbinliklə baxa bilərlər. Hər iki ölkə həm xalqların mənafeyi, həm də regional sülh və sabitlik maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək üçün ardıcıl səylər göstərir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Chosen
47
50
sabahinfo.az

10Sources