Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün göstərilən səylərlə bağlı deyib: "Türkiyə bölgədə güclü və əhəmiyyətli bir ölkədir. Sülhün təmin olunmasında və atəşkəsin qorunmasında mütləq mühüm rol oynayacaq."
Hakan Fidan paytaxt Ankarada Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə keçirdiyi görüşdən sonra baş tutan birgə mətbuat konfransında çıxış edib.
Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı danışıqlara toxunan Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin müharibənin başladığı gündən bəri tutduğu mövqenin bu dağıdıcı müharibəni tez bir zamanda bitirmək olduğunu bildirib.
Hakan Fidan bu mövzuda həm strateji, həm də taktiki səviyyədə təşəbbüslərin, araşdırmaların və təmasların olduğunu, lakin bu günə qədər tərəflər arasında heç bir irəliləyiş olmadığını qeyd edib. O, bu gündən etibarən Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni rəhbərliyi ilə yeni bir dinamikanın başladığını vurğulayıb.
Hazırda əlaqədar tərəflər arasında dolayı danışıqların olduğunu bildirən Hakan Fidan, bütün aktyorların bir-biri ilə danışdığını qeyd edib.
Türkiyənin bu məsələdəki roluna toxunan Hakan Fidan deyib: "Türkiyə bölgədə güclü və əhəmiyyətli bir ölkədir. Sülhün tәmin olunmasında, onun davamlı olmasında və atəşkəsin qorunub saxlanmasında mütləq mühüm rol oynayacaqdır. Türkiyənin bu istiqamətdə böyük potensialı var".