Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda 33 il əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən böyük soyqırımının törədildiyi, bir gecədə Xocalı şəhərinin işğal edilərək, 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, həmin gün daha min Xocalı sakini yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.
Məktubda vurğulanıb ki, bir sıra beynəlxalq təşkilatlar, milli parlamentlər, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, insan haqları müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları Xocalıdakı qətliamı soyqırımı aktı və ya insanlığa qarşı cinayət kimi pisləyiblər.
Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, geniş və sistemli şəkildə etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşilik siyasətinin tərkib hissəsidir. Bundan başqa, hərbi məqsədlərə nail olmaq üçün təcavüzkar tərəfindən Azərbaycanın dinc əhalisinin qanunsuz şəkildə hədəfə alınması, girovların götürülməsi və saxlanması, əsirlərə və mülki məhbuslara qarşı pis rəftar və onların qısa müddətdə edam edilməsi, etnik təmizləmə, Azərbaycanın yaşayış məntəqələrinin geniş şəkildə dağıdılması, dinc əhaliyə divan tutulması, mədəni və dini irsin məhv edilməsi kimi qadağan olunmuş müharibə üsulları və vasitələrindən istifadə edilib”, - deyə məktubda bildirilib.