EN

“Azərişıq” “ASAN xidmət indeksi” qalibidir

“Azərişıq” ASC ötən ilki fəaliyyətinə əsasən, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 99,6 faiz nəticə ilə rekordunu yeniləyərək 1-ci olub.

Səhmdar cəmiyyətin məlumatına görə, qiymətləndirmənin nəticələri ilə bağlı təqdimatda “Azərişıq”la yanaşı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsası isə elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin gerçəkləşdirilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2024-cü ildə 37 mərkəzi icra hakimiyyəti orqanının 167, 23 yerli icra hakimiyyəti orqanının 89 və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə, 300 xidməti qiymətləndirib.

“Azərişıq” vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya edib, göstərdiyi 18 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb. Qurumun Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil etdiyi xidmətlərin 2024-cü il üzrə xidmət səviyyəsinin ölçülməsini, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə, ümumilikdə, 775 sorğu cavablandırılıb, əsaslandırıcı sənədlər təqdim olunub.

Mərasimdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötənilki 98,3 faizlik rekord nəticəsini yeniləyib. Ötən illərdə də “Azərişıq” xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanıb, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda qərarlaşıb.

Yeri gəlmişkən, Energetika Nazirliyi isə ötən ilki fəaliyyətinə əsasən, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü sırada yer alıb.

Nazirliyin məlumatına görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi təqdimat mərasimində quruma müvafiq sertifikat təqdim olunub.

Xatırladaq ki, Energetika Nazirliyi əvvəlki il 67,8 faizlə 4-cü yeri tutub, mövqeyini yaxşılaşdırmaq üçün xidmət keyfiyyətinin artırılması sahəsində mühüm addımlar atıb.

 

 

Chosen
45
14
xalqqazeti.az

10Sources