EN

"Azərbaycan və Pakistan ortaq dəyərlərə söykənən qardaş ölkələrdir" - Deputat

Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri çərçivəsində fevralın 24-də keçirilən görüşlər və imzalanmış sənədlər Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələnin əsasını qoydu. Bu səfər təkcə iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin güclənməsi baxımından deyil, həm də siyasi-iqtisadi, müdafiə, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində strateji əhəmiyyət kəsb edir.

 Bunu "Unikal"a açıqlamasında ​Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Onun sözlərinə görə, iki ölkə liderlərinin mətbuata bəyanatlarında bu dövlətlərin mövqelərinin beynəlxalq münasibətlərin bir çox məsələlərində tam üst-üstə düşdüyü vurğulanıb.

"Dövlətimizin başçısı bildirib ki, bu gün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq: “İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq qarşılıqlı dəstək və ortaq maraqlara əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edərək suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birini qətiyyətlə dəstəkləyir. Bu əməkdaşlıq həm regional sabitlik, həm də qlobal siyasətdə mövqelərinin güclənməsinə töhfə verir.

Nəqliyyat sahəsində müzakirələr Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı olub. Bu layihələr regional bağlantını gücləndirməklə yanaşı, iqtisadi əlaqələrin inkişafına da töhfə verəcək.

Fevralın 24-də iki ölkə liderlərinin iştirakı ilə keçirilən Azərbaycan-Pakistan biznes forumunda iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzularından biri olub. Mövcud ticarət dövriyyəsinin istənilən səviyyədə olmaması ilə bağlı fikirlər ifadə edilib və bir ay ərzində konkret layihələrin yekunlaşdırılması qərara alınıb. Azərbaycan tərəfindən Pakistana minimum 2 milyard dollar sərmayə qoyulacağı qeyd edilib. Bu sərmayələr energetika, mədən, infrastruktur və kənd təsərrüfatı kimi sahələri əhatə edəcək.

Biznes forum çərçivəsində iki ölkənin iş adamları arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Forum, həmçinin sərmayə mühitinin yaxşılaşdırılması və ticarət dövriyyəsinin artırılması üçün vacib platforma rolunu oynayıb.

Müdafiə sənayesi sahəsində tərəfdaşlıq gündəmin əsas mövzularından biri olub. Azərbaycanın Pakistan istehsalı olan hərbi avadanlıqlardan istifadə etməsi və birgə istehsal müəssisələrinin yaradılması ilə bağlı işlər görülür. Bu əməkdaşlıq hər iki ölkənin müdafiə potensialının artırılmasına xidmət edəcək.

Həmçinin, səfər çərçivəsində iki ölkə arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. SOCAR ilə Pakistanın enerji şirkətləri arasında imzalanan sənədlər enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Mayeləşdirilmiş təbii qazın alqı-satqısı və neft məhsullarının uzunmüddətli tədarükü ilə bağlı razılaşmalar enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.

Təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” həmin sahələrdə mübadilənin intensivləşdirilməsini nəzərdə tutur. Peşə təhsili və elmi-tədqiqat sahələrində də qarşılıqlı layihələrin icrası planlaşdırılır. Ümumilikdə, səfər zamanı energetika, gömrük, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələr üzrə 12 sənəd imzalanıb. Bu razılaşmalar gələcəkdə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Beləliklə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya dövlət səfəri iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini daha da gücləndirib. İqtisadi, siyasi və humanitar sahələrdə genişlənən əlaqələr həm Azərbaycan, həm də Pakistan üçün qarşılıqlı faydaları təmin edəcək və regional əməkdaşlıqda mühüm rol oynayacaq. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və Pakistan təkcə dost və tərəfdaş deyil, eyni zamanda, ortaq dəyərlərə və məqsədlərə söykənən qardaş ölkələrdir".  

 

Chosen
37
2
unikal.az

10Sources