EN

ABŞ-la Ukrayna arasında mədən sazişi 5 SUALIN CAVABINDA

Yazını böyüt
Yazını kiçilt

ABŞ-la Ukrayna arasında nadir torpaq elementləri müqaviləsi layihəsinin təsdiqlənməsi ilə sülh danışıqları yeni mərhələyə qədəm qoydu.

Hafta.az-ın yazdığına görə, Ukraynanın baş naziri Denis Şmıqal sosial media hesabından verdiyi açıqlamada, Nazirlər Şurasının iclasında nadir torpaq elementlərinə sərmayə qoyuluşunu nəzərdə tutan saziş layihəsinin təsdiqləndiyini bildirib.

Müqavilə nəyi əhatə edir?

Şmiqal sözügedən müqavilə layihəsini "Ukrayna ilə ABŞ arasında imzalanacaq investisiya və inkişaf fondu" kimi xarakterizə edib. O, bu çərçivədə “Yenidənqurma İnvestisiya Fondu”nun yaradılacağını bildirib.

Ukraynanın baş naziri bildirib ki, yeraltı təbii sərvətlər nə ABŞ-ın, nə də başqa bir xarici ölkənin mülkiyyətinə keçməyəcək.

Layihə çərçivəsində Ukraynanın təbii sərvət aktivlərindən əldə edilən gəlirlərin 50 faizi bu fonda köçürüləcək. Şmıqal bəyan edib ki, ABŞ Ukraynanın yenidən qurulması üçün vacib olan maliyyə alətləri və digər aktivləri ilə də fonda töhfə verəcək.

O bildirib ki, fonddan əldə olunan gəlir yalnız Ukraynanın yenidən qurulmasına yönəlmiş layihələrə xərclənəcək.

CNN-in məlumatına görə, razılaşma nadir torpaq elementləri ehtiyatları ilə məhdudlaşmır. Neft, təbii qaz və mayeləşdirilmiş təbii qazla (LNG) yanaşı, bu sektorlarla bağlı infrastrukturlar da müqavilə çərçivəsindədir.

ABŞ nə istəyir?

ABŞ prezidenti Donald Tramp Ukraynaya yardım müqabilində 500 milyard dollarlıq müqavilə imzalamağı hədəflədiklərini açıqlayıb. Lakin Şmiqal bildirib ki, bu məbləği ehtiva edən heç bir razılaşma olmayacaq.

Tramp çərşənbə axşamı verdiyi açıqlamada da 350 milyard dollarlıq sövdələşmənin aparılacağını bildirib. O əlavə edib ki, Ukraynaya hərbi texnika veriləcək.

Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına görə, Vaşinqton müharibə başlayandan bəri Ukraynaya ümumilikdə 124 milyard dollar yardım vəd edib.

Tramp razılaşma sayəsində indiyə qədər göstərdikləri maliyyə yardımına görə təzminat alacaqlarını bildirib. Lakin CNN yazır ki, layihədə ABŞ-ın sözügedən razılaşmadan nə qədər qazanacağı ilə bağlı dəqiq rəqəm yoxdur.

Ukrayna tələb etdiyinə nail oldu?

Ukrayna prezidenti Vladimir Zelenski verdiyi açıqlamada, Ukraynanın ABŞ-a yardım olaraq aldığı pulu geri qaytarmasının razılaşmaya daxil olmadığını bildirib.

Kiyevin razılaşma ilə bağlı ən mühüm tələbi təhlükəsizlik zəmanəti olub. Bununla belə, Tramp mətbuata açıqlamasında sadəcə təhlükəsizlik zəmanəti məsələsinin “gələcəkdə müzakirə ediləcəyini” bildirib.

CNN-in məlumatına görə, layihədə heç bir təhlükəsizlik zəmanəti nəzərdə tutulmayıb, lakin ABŞ-ın “Ukraynanın davamlı sülhün bərqərar olması üçün lazım olan təhlükəsizlik zəmanətlərini əldə etmək səylərini dəstəklədiyi” bildirilir.

Ukraynada nə qədər mədən var?

Ukraynada milyardlarla dollar dəyərində kömür, təbii qaz, neft və uran ehtiyatları, həmçinin titan və litium kimi kritik elementlər var. “Reuters”in məlumatına görə, bunlar dünyanın "kritik xammal"ının təxminən 5 faizini təşkil edir.

Ukrayna Geologiya İnstitutunun məlumatına görə, ölkədə 19 milyon ton qrafit ehtiyatı var. Qrafit xüsusilə elektrik avtomobillərinin akkumulyatorlarında istifadə olunur.

Bundan əlavə, ölkədə televizor və işıqlandırma sistemlərində istifadə olunan lantan və serium, külək turbinlərində və elektrik nəqliyyat vasitələrinin akkumulyatorlarında istifadə edilən neodim, nüvə enerjisindən lazerlərə qədər geniş istifadə sahəsi olan erbium və itrium kimi nadir torpaq elementləri də var.

Digər tərəfdən, sözügedən faydalı qazıntı ehtiyatlarının bir hissəsi Rusiyanın işğalı altında olan bölgələrdə yerləşir. Ukraynanın iqtisadiyyat naziri Yuliya Siviridenkonun sözlərinə görə, işğal altındakı mədənlərin dəyəri təxminən 350 milyard dollardır.

Rusiya buna necə reaksiya verdi?

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi nadir torpaq elementləri sahəsində ABŞ ilə birgə işləməyə hazır olduqlarını bildirib. Tramp eyni gün Rusiya ilə birlikdə işləməyə hazırlaşdıqlarını da deyib.

Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Ukrayna böhranı Rusiya ilə ABŞ-ın siyasi iradəsi sayəsində həll edilə bilər.

Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə 29 müxtəlif növ daxil olmaqla ümumilikdə 658 milyon ton nadir torpaq elementi ehtiyatı var. Rusiyanın ən böyük alüminium istehsalçılarından olan "Rusal" da illik 1,5 ton istehsal gücünə malik nadir torpaq elementləri zavodu quracağını açıqlayıb.

Trampın vəzifəyə başlaması ilə ABŞ Ukrayna müharibəsi ilə bağlı Rusiyaya yaxınlaşıb.

Fevralın 24-də BMT Baş Assambleyasında keçirilən səsvermədə ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılmasını tələb edən qanun layihəsinin əleyhinə səs veriblər. Co Bayden administrasiyası dövründə Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclaslarında Ukrayna müharibəsi ilə bağlı layihələrində Rusiyaya qarşı çıxırdı.

Chosen
116
1
hafta.az

2Sources