EN

"Mançester Yunayted" nə üçün əvvəlki uğurlarını təkrarlaya bilmir?

"İngiltərənin ən titullu klublarından olan "Mançester Yunayted"in uzun illər əvvəl qazandığı uğurlarını təkrarlaya bilməməsinin bir neçə səbəbi var".

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib.

O, bu səbəblərdən bəhs edib:

"Bəzən klublarda bir araya gələn futbolçulardan ibarət heyət yenidən formalaşdırıla bilmir. Əvvəllər "Mançester Yunayted" elə heyət qurmuşdu ki, hər mövqedə öz mövqeyinin ən yaxşı futbolçuları transfer edilmişdi. 

Demək olar ki, heyətin heç bir boşluğu yox idi. Hər mövqedə dünyanın ən yaxşılarından olan futbolçular çıxış edirdi. Təbii ki, belə futbolçuları bir araya toplayan komanda dünyanın ən yaxşısı olur". 

368554

Ekspert qeyd edib ki, hər dönəm bu qədər çox yaxşı futbolçunu bir komandada toplamaq asan deyil:

"Həmçinin, "Mançester Yunayted"in "qızıl dövrlər"ində baş məşqçinin Aleks Ferqyuson olduğunu ayrıca vurğulamalıyıq. Hansı ki, o, bir fenomen idi. Ferqyuson komandanı hər zaman uğura və qələbəyə inandırmağı bacarırdı. Bundan başqa, həmin dönəm heyətin özündə qələbə əzmi və komanda ruhu həddindən artıq yüksək səviyyədə idi". 

Lakin mütəxəssis diqqətə çatdırıb ki, "Mançester Yunayted" rəhbərliyi sonrakı illərdə yanlış baş məşqçi seçimləri etdi:

"Məsələn, Aleks Ferqyusondan sonrakı baş məşqçi seçimi də səhv idi. Onun ardından Devid Moyes komandaya dəvət aldı. Hərçənd ki, Ferqyuson kimi əfsanədən sonra "Mançester Yunayted"i idarə etmək asan məsələ deyildi. Nəticədə, o da bu yükü daşıya bilmədi. Ondan indiyə qədər çox sayda baş məşqçi gətirildi, amma istənilən uğura nail olmaq mümkün olmadı. Görünür, komandadakı futbolçuların yeni baş məşqçiləri qəbul etməsi də asan olmur". 

Aslan Kərimov qeyd edib ki, klubun transferləri də istənilən səviyyədə deyil:

"Son illərdə "Mançester Yunayted" uğurlu transferlər edə bilmir. Hətta Premyer Liqa səviyyəsində olmayan futbolçular heyətə cəlb olunur. Əlbəttə ki, elə futbolçularla Çempionlar Liqasında uğur qazanmaq mümkün deyil. Yəni transfer siyasətində də həddindən artıq səhvlərə yol verdilər. 

Bunun da aqibətini indiyə qədər yaşayırlar. Bəzən yaxşı futbolçular heyətə cəlb olunsa da, komanda ruhu olmadı. Görünür, komandaya Ferqyuson kimi bir fenomen lazımdır. Bəlkə də, Qvardiola və Kloop səviyyəsində mütəxəssislə uğur qazana bilərdilər. Yəni bütün bu səbəblərə görə "qırmızı şeytanlar" əvvəlki uğurlarını təkrarlamaqda çətinlik çəkirlər". 

Pərviz
 

Chosen
38
hit.az

1Sources