EN

Yaponiyada təcrübə keçən azərbaycanlı tələbə: Məqsədim yalnız biliklərimi artırmaq deyil, həm də sahəmə real töhfələr verməkdir MÜSAHİBƏ

Bakı, 28 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Yaponiyada Okinava Elm və Texnologiya İnstitutunun (OIST) yay tədqiqat-təcrübə proqramında iştirak haqqı qazandım. Okinava Yaponiyanın cənubunda, Şərqi Çin dənizi və Sakit okean ilə əhatələnmiş tropik bir adadır. OIST-nin özü isə sanki cənnətdir. Müasir laboratoriyalar, geniş kitabxanalar və ətrafdakı inanılmaz təbiət... Hər səhər pəncərədən baxanda tropik yaşıllıq və sonsuz dəniz görünürdü. Hərçənd ki, Okinavanın isti və rütubətli iqlimi çətin idi, amma o gözəllik bütün çətinlikləri unutdururdu. OIST yalnız doktorantura tələbələri üçün nəzərdə tutulmuş bir institutdur, lakin yay təcrübə proqramı çərçivəsində bakalavr və magistr tələbələrini də qəbul edir.

Qəbul məktubu aldığım anı heç vaxt unutmaram. Çünki mənim müraciət etdiyim “Mürəkkəb axınlar və mayelər” (Complex Flows and Fluids) laboratoriyasında cəmi bir vakant yer açılmışdır Yüzlərlə magistr və bakalavr tələbəsi arasından yalnız məni seçmişdilər. İnanıram ki, OIST-də və ümumiyyətlə, Okinavada bu laboratoriyada çalışan ilk azərbaycanlı mən olmuşam.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Ali Neft Məktəbinin tələbəsi Mədinə Ziyadxanova deyib. O, kimya mühəndisliyi ixtisası üzrə 5-ci kurs tələbəsidir. Bu 5 il ərzində müxtəlif sahələrdə fəaliyyət göstərib. İki il ərzində tələbə təşkilatında könüllü olub, “Azerbaijani Women in Science” proqramında mentor kimi çalışıb. Akademik və peşəkar uğurlarla zəngin bir tələbəlik yolu keçib. “AGA Group”un “Dəmir Ay” təqaüdünə layiq görülüb, beynəlxalq müsabiqədə 2-ci yer tutaraq 7 min ABŞ dolları mükafat qazanıb, Türkiyənin Orta Doğu Teknik Universitetində mübadilə tələbəsi seçilib və nəhayət, Yaponiyada OIST-də elmi-tədqiqat təcrübəsi keçib.

-Yaponiyada keçdiyiniz təcrübə proqramı barədə məlumat verə bilərsinizmi?

-Yaponiyadakı təcrübə mənim üçün həm peşəkar, həm də fərdi inkişaf baxımından dönüş nöqtəsi oldu. Bu illər ərzində qazandığım hər bir təcrübə məni daha güclü, daha məqsədyönlü və öz sahəsinə daha bağlı etdi.

Yaponiyada olmağıma baxmayaraq, əsas mühitim italyan tələbələr idi. İnstitutda əsas rəhbərlərim professor Marco Eduardo Rosti və doktorant Simone Tandurella - hər ikisi italiyalı idilər. Onların sakit və dostyana yanaşması məni müstəqil işləməyə təşviq edirdi. Orada bir prinsip vardı: “Müraciət etməzdən əvvəl özün araşdır!” Əgər bir problem çıxırdısa, əvvəlcə bütün mümkün həll yollarını özüm tapmağa çalışmalı idim. Bu, məni daha intizamlı və özünə güvənən bir tədqiqatçıya çevirdi. Tədqiqatımın məqsədi qatı mayedəki hissəciklərin cazibə qüvvəsinin təsirindən davranışını öyrənmək idi. Təcrübənin eksperimental hissəsini Çikaqo Universiteti həyata keçirmişdi. Bizim məqsədimiz isə həmin nəticələri simulyasiya yolu ilə əldə etmək idi. Bu məqsədlə təcrübədən əvvəl “Fortran” adlı elmi proqramlaşdırma dilini öyrənmişdim və bu, qəbul prosesində böyük rol oynadı.

Bu layihənin geniş miqyaslı tətbiqləri var. Bu, sadəcə nəzəri bir anlayış deyil, real həyat proseslərində birbaşa tətbiqi var. Məsələn, təsəvvür edin ki, bir çayda axan daşlar var. Əgər kimsə soruşsa ki, “Bu daşlar nə zaman və hansı şəraitdə dibə çökəcək?” Bizim tədqiqat məhz bu sualı cavablandırmaq üçündür. Kimya mühəndisliyində isə reaktorlardakı katalizatorların hərəkəti, çökmə vaxtı və davranışı prosesin effektivliyini müəyyənləşdirir. Katalizatorlar bahalı olduğu üçün onların optimal istifadəsi kritik əhəmiyyət daşıyır. Bizim apardığımız simulyasiyalar gələcəkdə bu kimi proseslərin daha yaxşı anlaşılmasına töhfə verə bilər.

-Bu tədqiqat və təcrübə proqramının gələcək fəaliyyətinizdəki rolunu necə qiymətləndirirsiniz?

-OIST yalnız doktorantura səviyyəsində fəaliyyət göstərdiyi üçün burada təhsil sistemi daha çox beynəlxalq üslubda idi. Amma məni ən çox təsirləndirən bir şey var idi: doktorantların öz işlərinə olan sevgisi. Onların elmi araşdırmalara verdiyi enerji, 3-5 il ərzində qazandıqları dərin biliklər mənim üçün ilham mənbəyi oldu. OIST multidisiplinar tədqiqatları təşviq edir. Məsələn, bir tələbənin doktorantura işi reaktorların dizaynı ilə bağlı olsa da, o, başqa sahələrdən, məsələn, riyazi modelləşdirmədən və ya biologiyada faydalana bilər.

Məni çox təsirləndirən bir seminar oldu. Ölü dənizin duzsuzlaşdırılması barədə bir professorun çıxışı. Bu mövzu mənim gələcəkdə qlobal su problemlərinə fokuslanmaq istəyimə səbəb oldu. Bundan başqa, OIST-də qazandığım bilikləri birbaşa kimya mühəndisliyində tətbiq edə bilirəm. Məsələn, reaktorlarda katalizatorların necə çökməsini anlamaq üçün hissəciklərin davranışı vacibdir. OIST-də keçdiyim tədqiqatlar məni bu cür prosesləri daha dərindən anlamağa və simulyasiya etməyə hazırladı.

-Yaxın gələcək üçün planlarınız nədir?

-Hazırda planım Bakıda 1-2 il işləyərək real iş təcrübəsi qazanmaqdır. Daha geniş perspektivdə isə kimya mühəndisliyi sahəsində proseslərin optimallaşdırılması üzrə magistr təhsili almaq istəyirəm. Uzunmüddətli məqsədim yalnız biliklərimi artırmaq deyil, həm də sahəmə real töhfələr verməkdir.

Chosen
62
azertag.az

1Sources