EN

“Moskvadan estetik saqqalla Bakıya qayıtmışdı” – Cəmil Həsənlinin xatirəsi

"Yaxşı da dissertasiya işi yazmışdı. Lakin rektor demişdi ki, Cəmil Həsənlinin elmi rəhbərliyi ilə mən sizi müdafiəyə buraxa bilmərəm. Gərək elmi rəhbərini dəyişəsən".

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" hesabında tarixçi Cəmil Həsənli yazıb.

O, mərhum filosof Niyazi Mehdi ilə bağlı xatirələrini izləyiciləri ilə bölüşüb:

"Azərbaycanın ən maraqlı, ən istedalı, ən intellektul, ən yenilikçi fikir adamlarından olan filosof Niyazi Mehdi vəfat etdi. Niyazi Mehdini çoxdan tanıyırdım. Onun atası Musa müəllim bizim fakültədə də dərs deyirdi. Niyazi bəy Azərbaycan Dövlət Universitetinin (hazırda BDU - red.) filologiya fakültəsin bitrdikdən sonra Moskva Dövlət Universitetində aspirantura təhsili aldı (1973-1976). 

Mən Niyazi Mehdi ilə, səhv etmirəmsə, 1977-ci ildə tanış oldum. O vaxt mən Lenin muzeyində işləyirdim və Niyazi bəy də Moskvada estetka ixtisi üzrə təhsilini başa vurub estetik bir saqqalla Bakıya qayıtmışdı. Onun həyat yoldaşı Dilarə xanım da muzeydə işləyirdi. Niyazi Mehdinin işlədiyi incəsənət institutu ilə muzey arasında çox az məsafə vardı və o ara sıra iş vaxtının sonunda Dilarə xanımı qarşılamağa gəlirdi. 

Sonralar Niyazi Mehdi ilə daha yaxından tanış oldum. Çox maraqlı adam idi. Ardıcıl olaraq mətbuatda maraqlı publisist yazılarla çıxış edirdi. Köşə yazıları yazırdı. Yazılarının dili bir az çətin olsa da, məzmunu çox dərin idi. Xüsusilə Musavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini işləyəndə ictimai tərəqqi və ona təsir edən amillərlə bağlı dərin təhlil yazıları yazırdı. 

Az sonra Niyazi bəy doktorluq müdafiəsi etdi. Onun "Çətin və dolaşıq durumların kulturolojisi",  "Azərbaycan bilinmələrindən pıçıldayan nəsələr (Nəsələrlə nəsnələr arasında)", "Sənətin arxeologiyası. Sənətin arxitektonikası" adlı çox maraqlı, həyatla, sənətlə, gerçəkliklə bağlı kitabları vardı, ölkə mətbuatında oxunaqla məqalələri, müsahibələri, təhlil yazıları vardı. 

Niyazi Mehdi ilə bağlı bir maraqlı xatirəm də var. Mənim respublika ali məktəblərinin birində istedalı bir dissertantım vardı. Yaxşı da dissertasiya işi yazmışdı. Lakin rektor demişdi ki, Cəmil Həsənlinin elmi rəhbərliyi ilə mən sizi müdafiəyə buraxa bilmərəm. Gərək elmi rəhbərini dəyişəsən. Mənim üçün elmi rəhbərdərdən daha çox vacibi gənc dissertantın müdafiə etməsi idi.

Belə qərara gəlindi ki, dissertasiyanın elmi rəhbəri Niyazi Mehdi olsun. Niyazi bəy xeyirxahlıq edib elmi rəhbər olmağa razılıq verdi və gənc dissertant uğurla müdafiə etdi.

Niyazi Mehdi daim yenilik axtarırdı, zəmanəsindən irəli getmiş bir alim idi, bir ziyalı idi. Araşdırmaları və yazıları ilə milləti qabağa aparmaq istəyirdi. Kitabları, yazıları da gələcəyə hədəflənmişdi. O, cismani olaraq bizdən ayrıldı. Amma maraqlı əsərləri, yaddaqalan şəxsiyyəti onu hələ uzun müddət yaddaşlarda diri saxlayacaqdır. Ruhu şad olsun".


Telegram kanalımız
Chosen
66
yenisabah.az

1Sources