EN

Qarabağa yeni marşrut xətləri istifadəyə verildi

Gəncə şəhərindən Şuşa şəhərinə ilk avtobus reysi yola düşüb.

Aktual.az xəbər verir ki, Gəncə Beynəlxalq Avtovağzaldan hərəkət edən avtobusun ilk sərnişinləri şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin iştirakçıları olub.

Qeyd edək ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə-Xankəndi 5,70 manat, Tərtər-Xocalı 2,40 manat, Tərtər-Xankəndi 2,80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri "biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri üzrə sərnişin daşımalarına başlayıb.

Bu barədə AYNA məlumat yayıb.

Bundan başqa, məlumata görə, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin 25 fevralına qədər Xankəndi-Bərdə və Bakı-Xankəndi-Laçın müntəzəm şəhərlərarası reysləri vasitəsilə 1 270 reys üzrə 11 682 sərnişin daşınıb.

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu və məskunlaşma planlarına əsasən mərhələli qaydada digər müntəzəm şəhərlərarası marşrut xətlərinin təşkili də nəzərdə tutulur.

Hazırda işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinin təşkili üçün kifayət qədər marşrut və avtobuslar mövcuddur və daşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Bununla yanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamət üzrə Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə də səfər etmək imkanı vardır.

2022-ci ilin yanvar ayından ölkə vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı-Şuşa – Bakı, Bakı-Ağdam-Bakı, Bakı-Füzuli Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bərdə-Ağdam-Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar "yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.

Chosen
103
8
ulusum.az

10Sources