EN

“Toxunmuş şəhər”də həyat başlayır

“Toyota”nın 2020-ci ildə elan etdiyi və 2021-ci ildə Fuji dağının ətəyində tikintisinə başladığı 10 milyard dollarlıq “Toxunmuş şəhər” (“Woven City”) layihəsi 2025-ci ilin payızında ilk sakinlərini qəbul etməyə hazırlaşır.

Videoları “Toyota” direktoru Akio Toyoda tərəfindən “CES 2025” sərgisində nümayiş etdirilən futuristik yaşayış mərkəzində ilkin olaraq əksəriyyəti avtomobil şirkətinin işçiləri və ailələri olmaqla təxminən 360 nəfər yerləşəcək.

Şəhərdə süni intellekt, avtonom nəqliyyat vasitələri və robot texnikası kimi qabaqcıl texnologiyaları sınaqdan keçiriləcək “gələcək şəhər pilot layihəsi” nəzərdə tutulub. Zamanla şəhər sakinləri 2000 nəfərə artacaq və 2026-cı ildə ictimaiyyətə təqdim olunacaq.

“Toxunmuş şəhər” yeni ideyaların və texnologiyaların sınaqdan keçirildiyi və inkişaf etdirildiyi canlı laboratoriya kimi dizayn edilib.

Yaşıl ərazilərlə təbiətlə iç-içə olması planlaşdırılan şəhər davamlılıq və ekoloji cəhətdən təmiz təcrübələr üçün də nümunə olacaq. Hidrogen və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri ilə təchiz olunmuş yaşayış sahəsində karbon tullantılarını minimuma endirmək məqsədi daşıyır.

Şəhər təkcə yaşayış sahəsi deyil, həm də açıq hava laboratoriyası kimi fəaliyyət göstərəcək. Bu, “Toyota” və digər şirkətlərin, alimlərin və sahibkarların real dünya şəraitində yeni texnologiyaları sınaqdan keçirə biləcəkləri bir mühit təmin edəcək.

Beləliklə, gələcək şəhərsalma və texnoloji tətbiqlər üçün əhəmiyyətli məlumatlar əldə ediləcək.

“Toxunmuş şəhər”, insan yönümlü bir yanaşma ilə həyat keyfiyyətini artırmaq üçün hazırlanıb. Gələcəyə baxacaq innovativ həllər səhiyyə, təhsil, təhlükəsizlik, sosial qarşılıqlı əlaqə və mobillik kimi sahələrdə həyata keçiriləcək.

“Woven” sözü ingilis dilində “toxunmuş” deməkdir və ad “Toyota”nın şəhərsalma və texnologiya inteqrasiyası baxışını əks etdirən metafora kimi seçilib. “Toyota Woven City”ni müxtəlif texnologiyalar, həyat tərzləri və davamlılıq elementlərinin mürəkkəb, lakin harmonik bir quruluş yaratmaq üçün bir araya gəldiyi parça kimi təsvir edir.

Chosen
86
vaxt.az

1Sources