EN

Kerjakov ən yaxşı rusiyalı qapıçını açıqladı

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun təcrübəli qapıçısı Mixail Kerjakov ən yaxşı rusiyalı qapıçı ilə bağlı fikrini bildirib.

Arena.az Kerjakovun bu barədə qənaətini təqdim edir:

“Matvey Safonov. Tanrının izni ilə, qoy onun üçün Parisdə hər şey yaxşı alınsın, amma mən əminəm ki, onu, heyətində oynaya biləcəyi digər klublar da müşahidə edirlər. Mən onu ən yaxşı rusiyalı qapıçı hesab edirəm”, deyə Kerjakov vurğulayıb.

Xatırladaq ki, Matvey Safonov hazırda Fransanın PSJ klubunun şərəfini qoruyur. O, Paris təmsilçisinə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Fransa nəhəngi bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Safonov cari mövsümdə PSJ-nin heyətində 11 oyuna çıxıb. O, bu oyunlarda 6 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb.

“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.

Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Chosen
71
arena.az

1Sources