EN

Microsoft Skype-ı Bağlamaq Qərarına Gəlib

BAKI,TurkicWorld

Microsoft, 2011-ci ildə eBay-dən 8,5 milyard dollara aldığı Skype platformasını bağlayacağını elan edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Texnologiya nəhəngi cümə günü verdiyi açıqlamada, Skype-ın may ayında istifadədən çıxarılacağını və bəzi xidmətlərin Microsoft-un əsas video görüşmə və komanda ünsiyyəti platforması olan Teams-ə inteqrasiya ediləcəyini bildirdi.

Microsoft uzun müddətdir ki, Teams-i Skype-ın yerinə ön plana çıxarmağa çalışırdı. Şirkət, Zoom və Slack kimi rəqiblərlə mübarizədə əsas ünsiyyət platformalarını sadələşdirməyi hədəfləyir və bu səbəbdən Skype markasını sonlandırmaq qərarına gəlib.

Skype 2003-cü ildə Estoniyanın Tallin şəhərində bir qrup mühəndis tərəfindən qurulub və ənənəvi telefon xətləri əvəzinə internet üzərindən səsli və video zənglər etməyə imkan verən öncül platformalardan biri olub.

VoIP (Voice over Internet Protocol) texnologiyasından istifadə edən Skype, 2005-ci ildə eBay tərəfindən satın alındıqdan sonra video zəng funksiyasını əlavə etdi.

Skype baha başa gələn beynəlxalq telefon danışıqlarına alternativ olaraq, həm fərdi istifadəçilər, həm də şirkətlər üçün böyük bir rahatlıq təqdim etdi.

Microsoft 2011-ci ildə eBay-dən Skype-ı satın aldıqda platformanın dünya üzrə təxminən 170 milyon istifadəçisi var idi. O dövrdə Microsoft-un baş direktoru olan Steve Ballmer, Skype-ın səsli və video ünsiyyətlə demək olar ki, eyniləşdirildiyini bildirmişdi.

Skype 2017-ci ildə belə, hələ də qabaqcıl bir texnologiya sayılırdı. Həmin il ABŞ prezidenti Donald Trump administrasiyası Ağ Evdə mətbuat konfranslarında jurnalistlərin suallarını Skype vasitəsilə cavablandırmağa başlamışdı. Lakin bir ay sonra Microsoft sürətlə böyüyən Slack-ə rəqib olaraq Teams-i istifadəyə verdi.

Slack və Teams ilə yanaşı Zoom da pandemiya dövründə uzaqdan işləmə sisteminin yayılması ilə böyük yüksəliş yaşadı. Skype isə həmin dövrdə populyarlığını itirsə də, uzaqdan ünsiyyət üçün ən mühüm vasitələrdən biri olaraq qalmağa davam etdi.

Chosen
77
turkic.world

1Sources