EN

“Araz-Naxçıvan” 2-ci yeri də əldən verdi - ŞƏRH

Sərt hava şəraiti ilə müşayiət olunan 24-cü tur da tarixə qovuşdu.

Hesabat turu da maraqlı məqamlar və nəticələr ilə müşayiət olundu. Təbii, müəyyən tendensiyalar da sezilməkdədi. Tendensiyalar demişkən, turnir cədvəlində xal ehtiyatına görə iki “5-lik” yaranmışdısa, “şərti sərhədi pozmağa çalışan” komanda gözə dəyir. Bəlkə də bunu demək hələ tezdi, ancaq “Sabah”la xal fərqini 6-ya endirən “ağ-qaralar” 5-cü yeri də “bayquşlar”dan qopara bilər.

“Neftçi” - “Sumqayıt” oyununun taleyini yeganə penalti qolu həll etdi. Vaqif Cavadov nə deyir-desin, komandası çox ciddi böhran yaşayır. Bir komanda ardıcıl 9 oyunda qol vura, qələbə qazana bilmirsə, bunun adı elə böhrandı. Çılpaq gerçəklik budu. Bu gedişlə “kimyaçılar” özünü turnir cədvəlinin lap sonunda görəcək. Onsuz da bu gün onları “elitada qalmaq uğrunda mübarizə aparan komanda” kimi təqdim etməyə məcburuq.

“Araz-Naxçıvan” isə 3-cü dövrənin startına qədər çempionluq uğrunda mübarizə aparırdısa, dünən artıq 2-ci pilləni də əldən verdi. Aşkar autsayderlərdən “Səbail”i məğlub edə bilməyən komanda, daha doğrusu, baş məşqçi Elmar Baxşıyev artıq böhran yaşadıqlarını etiraf etməlidi. Ya bəlkə də Ramon Maçadonun necə böyük və əvəzedilməz fiqur olduğunu. Braziliyalısız komanda daha zəif görünür.

Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. “Sabah” “Səbail”in ardından “Qarabağ”la da heç-heçə etdi. Ardıcıl xal itkiləri, ya bəlkə də qələbə yolunda lazımınca fədakarlıq göstərməmələri “bayquşlar”ın çempionat yolu ilə avrokuboklara vəsiqədən əllərini üzmələrinə işarədi. Vasili Berezutski bu komanda ilə heç cür sabitlik yaxalaya bilmir. Çətin ki, “Qarabağ” da bu heç-heçədən narazı qalsın. Ağdam klubu elə xal fərqi yaradıb ki, hər itkiyə görə heyifsilənməyə dəyməz. Əlbəttə, qələbə qələbədi, amma köhnə bir futbol hikmətində deyildiyi kimi: qələbə qazanmağı bacarmayanda heç-heçəni qorumalısan!

“Şamaxı” – “Turan Tovuz” oyunu ətrafında o qədər bəyanat yağdı ki, futbol diqqətdən kənarda qaldı. Hər halda, tovuzlular daha bir qələbə qazanmaqla ilk üç yer uğrunda sona qədər mübarizə aparmaq inadını ortaya qoydular. Kubokda mübarizəni dayandırdıqlarını nəzərə alsaq, əslində onların başqa yolu da yoxdu. Axı hadisələr elə cərəyan edə bilər ki, 4-cü yer komandanı avrokuboklardan kənarda qoyar.
Tura keçirilməsi son ana qədər sual altında olan “Zirə” – “Kəpəz” oyunu ilə yekun vuruldu. Onsuz da autsayder statsuna görə əhval-ruhiyyəsi yerində olmayan gəncəlilər son iki gündə Zirə yollarında qaldı. Bu üzdən Azər Bağırovun oyundan sonra şəraitdən şikayətlənməsi anlaşılandı.

Oyunun sırf futbol baxımından yekununa gəlincə, “qartallar” bu qələbə sayəsində “Araz-Naxçıvan”ı 2-ci pillədən uzaqlaşdırdı. Bu iki komandanın kubok dueli ərəfəsində Rəşad Sadıqov həmkarı Elmar Baxşıyevə bir növ mənəvi zərbə vurdu. Görək bu mübarizənin davamı necə olacaq…

Misli premyer-liqası 
3-cü dövrə, 23-cü tur
21 fevral
Neftçi - Sumqayıt 1:0
22 fevral
Araz-Naxçıvan - Səbail 0:0
Qarabağ - Sabah 1:1
23 fevral
Şamaxı - Turan Tovuz 0:1 
24 fevral
Zirə - Kəpəz 2:0


1. Qarabağ 24 18 3 3 60-15 57
2. Araz-Naxçıvan 24 13 6 5 23-16 45 
3. Zirə 24 14 3 7 40-21 45
4. Turan Tovuz 24 11 9 4 32-24 42
5. Sabah 24 7 12 5 33-30 33
6. Neftçi 24 6 9 9 22-32 27
7. Sumqayıt 24 6 4 14 15-33 22
8. Şamaxı 24 5 6 13 21-31 21
9. Kəpəz 24 5 4 15 21-49 19
10. Səbail 24 4 6 14 20-36 18

Bombardirlər: Leandro Andrade (Qarabağ), Cesse Sekidika (Sabah) - 9, Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan), Davit Volkov, Salifu Suma (hər ikisi “Zirə”) - 8.

Növbəti turun oyunları martın 3-5-i aralığında keçiriləcək: “Səbail” - “Şamaxı”, “Sumqayıt” - “Qarabağ”, “Turan Tovuz” - “Zirə”, “Sabah” - “Araz-Naxçıvan”, “Kəpəz” - “Neftçi”. 

ƏSƏD SEYİDOV

Chosen
56
football-plus.az

1Sources