Sosial şəbəkələrdə Bakı şəhəri, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Səs yazısından belə məlum olur ki, direktor məktəbin kollektivinin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmayıb və buna görə onlarla mübahisə edib.
Xezerxeber.az-ın məlumatına görə, səsyazısından aydın başa düşülür ki, direktorla müəllimlər arasında ciddi mübahisə yaşanıb. Mübahisəyə səbəb isə direktorun müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməməsi olub və o, bu səbəbdən pedaqoji heyəti təhqir edib. Direktor müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib.
Ərazidə olduğumuz zaman direktora alınan və onun bəyənmədiyi hədiyyənin nə olduğunu öyrənməyə çalışdıq, lakin bu mümkün olmadı.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, səs yazılarının 2 il əvvələ aid olduğu ehtimal edilir. İstənilən halda məsələ araşdırılacaq.
"Əgər hadisə 2 il öncə baş veribsə, direktorla bağlı hansısa ölçü götürülübmü?" sualımız isə cavabsız qaldı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.