EN

Son illərdə təyyarə qəzaları artıb?

2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində baş verən təyyarə qəzaları sosial mediada geniş müzakirə mövzusu olub. Sərnişin təyyarələrinin müxtəlif amillərlə qəzaya uğraması və qəza anlarının görüntüləri sürətlə mətbuatda və sosial media platformalarında yer alıb, mülki aviasiya sənayesinin təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri son illər təyyarə qəzalarının sayının artdığını iddia ediblər.

Son aylardakı təyyarə qəzaları

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi eniş zolağına yaxınlaşmaq istəyərkən partlayıb. Təyyarənin göyərtəsində olan 67 sərnişin və ekipaj üzvündən 38-i həyatını itirib. Qəzadan sonra sərnişin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub. Təyyarənin düşməsi zamanı sərnişinin mobil telefon kamerası ilə lentə aldığı anlar rəqəmsal platformalarda, xüsusilə “X”-də böyük marağa səbəb olub.

Cənubi Koreya aviasiya tarixində ən dəhşətli hesab edilən təyyarə qəzası 29 dekabr 2024-cü ildə baş verib. “Jeju Air”in sərnişin təyyarəsi eniş zamanı idarəetmədən çıxıb və uçuş-enmə zolağının sonundakı divara çırpılıb. Göyərtədə olan 6-sı ekipaj üzvü olmaqla 179 nəfər həyatını itirib. Sərnişin təyyarəsinin divara çırpıldıqdan sonra şiddətlə partlaması ilə bağlı görüntülər dünya mətbuatında geniş yayılıb.

29 yanvar 2025-ci ildə “Ronald Reyqan” Hava limanı yaxınlığında “American Airlines” sərnişin təyyarəsi və “Black Hawk” hərbi helikopteri toqquşub. Göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğu sərnişin təyyarəsi və 3 hərbçini daşıyan helikopter Potomak çayına düşüb və səlahiyyətlilər sağ qalanların olmadığını açıqlayıb.

Kanadanın “Toronto Pearson” Beynəlxalq Hava Limanına eniş edən “Delta Air Lines” sərnişin təyyarəsi uçuş-enmə zolağına düşüb və idarəetmədən çıxıb. Qanadı uçuş-enmə zolağına dəydikdən sonra təyyarə metrlərlə sürüklənib və tərs çevrilərək parçalanıb. Hadisə zamanı ölən olmasa da, 76 sərnişindən 18-i və 4 ekipaj üzvü xəsarət alıb.

Pandemiyadan sonrakı məlumatlar aviasiya sənayesi haqqında nə deyir?

Amerika Birləşmiş Ştatlarında “Associated Press” (AP) və NORC İctimai Əlaqələr Araşdırma Mərkəzi tərəfindən aparılan sorğu göstərir ki, Vaşinqtonda hərbi helikopter və sərnişin təyyarəsinin toqquşmasından sonra hava səyahətinin təhlükəsizliyinə əmin olan amerikalıların sayı 7 faiz azalıb.

Dünyanın qalan hissəsində uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıqlar və itirilmiş etimadla bağlı müzakirələr mətbuatda da öz əksini tapıb.

Bu çərçivədə, “Anadolu” Agentliyinin Təsdiq Xətti, Uçuş Təhlükəsizliyi Fondu (FSF), Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB ), Federal Aviasiya Administrasiyası (FAA), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və “Airbus”, “Boeing” kimi dünya üzrə qəza məlumatlarını toplayan bəzi şirkətlərin məlumatlarını araşdırıb. Qurumların müxtəlif hesabatları nəzərdən keçirilib və aviasiya sənayesindəki son inkişaflar müzakirə edilib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 2024-cü ildə dərc etdiyi "Təhlükəsizlik Hesabatı" məlumatlarına görə , koronavirus epidemiyasından əvvəl 4,5 milyard sərnişin daşıyan aviasiya sektoru pandemiya zamanı sürətli kiçilmə yaşadı. 2020-ci ildə 1,8 milyard nəfərə düşən sərnişin sayı, peyvənd işlərinin gedişi və karantin tətbiqlərinin yüngülləşdirilməsi kimi müxtəlif səbəblərdən sonrakı tarixlərdə artmağa başladı. Sərnişinlərin sayı hələ də pandemiyadan əvvəlki dövrdən aşağı olsa da, Qrafik 1-də göstərildiyi kimi 4,2 milyard nəfərə çatıb. Havaya qalxan təyyarələrin sayı da pandemiya dövrü dəyərlərini keçərək 35,25 milyona çatıb (Qrafik 2).

Hesabatda 2014-2023-cü illər arasında planlaşdırılan kommersiya əməliyyatları çərçivəsində "Uçuşlar, ümumi təyyarə qəzaları, ölümlə nəticələnən qəzalar, can itkiləri və qəza nisbətləri" üzrə artan və azalan tendensiyalar da yer alıb. Bəzi illərdə ölümlə nəticələnən aviaqəzaların və ölüm hallarının sayı dəyişsə də, ümumilikdə onların azalma tendensiyası müşahidə olunur.

Xüsusilə pandemiya səbəbindən azalan uçuşların sayı 2021-ci ildən sonra yenidən artsa da, ölümlə nəticələnən qəzaların və insan itkilərinin azaldığı müşahidə edilib.

"2023-cü ildə reaktiv mühərrikli sərnişin təyyarələri heç bir qəzaya düşməyib"

Bəzi oxşar hesabatlar 2024-cü ildə təyyarə istehsal edən “Boeing” və “Airbus” tərəfindən də dərc edilib. “Boeing”in hesabatında qeyd olunub ki, son əlli ildə dünya üzrə hava səyahətlərinin artmasına baxmayaraq, qəzaların sayı durmadan azalıb. Verilən məlumatlara görə, son 20 ildə uçuş-enmə zolağından havaya qalxan kommersiya təyyarələrinin sayı 25% artsa da, qəza nisbəti 45%, ölümlə nəticələnən qəza nisbəti isə 68% azalıb.

“Airbus” şirkəti də rəsmi internet saytında sərnişin təyyarəsi qəzaları ilə bağlı hesabat dərc edib. Hesabatdakı qrafikdə reaktiv mühərrikli sərnişin təyyarələrinin 2023-cü ildə heç bir ölümcül qəzaya düşmədiyi ifadə edildi. Ümumi qrafikə nəzər saldıqda görmək olar ki, aviasiya sənayesinin yarandığı 1970-ci illərdən bəri, pandemiya dövrü istisna olmaqla, uçuşların sayı durmadan artır, lakin ölümlə nəticələnən qəzalar azalır.

Chosen
48
publika.az

1Sources