SƏHİYYƏ NAZİRLİYİNİN MÜTƏXƏSSİS-EKSPERTİ
Sağlam qidalanma və fiziki aktivliklik immun sistemini gücləndirir. Bu fikri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov sehiyye.gov.az saytına verdiyi müsahibədə deyib.
Terapevt bildirib ki, sağlam qidalanma orqanizmin düzgün işləməsi üçün lazım olan bütün qida maddələrini təmin edir. Sağlam qidalanma vitaminlər, minerallarla zəngin olmalıdır, şəkər və yüksək qlikemik indeksi olan qidalardan az istifadə olunmalıdır. İşlənmiş qidalar da (konservlər və trans yağlar) immun sisteminin düzgün işlənməsini pozan amillərdəndir. Meyvə, tərəvəz və dənli bitkilər bağırsaq funksiyasını yaxşılaşdırdığı üçün immun sisteminin formalaşmasında mühüm rol oynayır.
Fiziki aktivlik də immuniteti gücləndirir və onun düzgün işləməsini dəstəkləyir. Belə ki, fiziki məşqlər immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq və vücudun infeksiyalara qarşı müdafiə mexanizmini gücləndirməyə dəstək olur. Bundan əlavə, mütəmadi məşqlər xroniki iltihab səviyyələrini azaldır və qan dövranını yaxşılaşdırır. Nəticədə, immun hüceyrələri vücudun müxtəlif bölgələrində daha sürətli şəkildə fəaliyyət göstərir və infeksiyalara cavab verir, getdikcə bədənin stresə qarşı dözümlülüyünü artırır.
Lakin, həddindən artıq intensiv fəaliyyət immun cavabları zəiflədə bilər. Orta səviyyədə və nizamlı fiziki aktivlik immun sağlamlığını dəstəkləyir və ümumi sağlamlığa xidmət edir, deyə mütəxəssis ekspert nahid Məhərrəmov qeyd edib..