EN

Avropa çıxılmaz vəziyyətdə – Türkiyəyə möhtac qala bilər

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin son çağırışı diqqət çəkib. Belə ki, o, Avropanın təcili silahlanmalı olduğunu bildirib.

“Həqiqətən ciddi addımlar atmalıyıq. İndi uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması çox vacibdir. Bu, Avropa İttifaqının (Aİ) təhlükəsizliyi üçün lazımdır və biz yaşadığımız geostrateji mühitdə ən pis vəziyyətə hazırlaşmalıyıq, buna görə də müdafiəmizi gücləndirməliyik”.

Britaniyada və Avropanın digər ölkələrində silah anbarlarının boşaldığı, hərbi sənayenin zəiflədiyi vaxtda Avropa hərbi baxımdan Türkiyəyə müraciət edə bilər? Avropa İttifaqı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına əsaslanıb, Türkiyəni tez bir zamanda üzv qəbul etsə, nəzəri olaraq Tramp-Putin-Çin təhlükəsindən qurtula bilər?

Bu ehtimalın reallaşması mümkündürmü? Son hadisələr fonunda Türkiyənin Aİ-yə üzvlüyü gündəmə gələcəkmi? Avropa ordu və hərbi resurs baxımdan tükənib. Bu halında Türkiyə köməyinə yetişə bilər? Yoxsa Aİ inadkarlıq edib, rəsmi Ankaranı yenə qapıda gözlədəcək?

Politoloq Oqtay Qasımov deyib ki, hazırda Aİ ciddi problemlər qarşısındadır:

“Son 80 ildə Avropanın təhlükəsizliyi ABŞ tərəfindən təmin edilib. Hazırda ABŞ-ın yeni rəhbərliyi Aİ-nin müdafiə xərclərini artırmasını tələb edir. Ukrayna müharibəsi ilə əlaqədar Aİ-nin aparıcı ölkələrinin müdafiə resursları, hərbi ləvazimatları kifayət qədər deyil. Bu baxımdan Aİ Ukrayna müharibəsi fonunda müəyyən çağırışlarla üzləşir.

ABŞ-da Donald Tramp administrasiyası Avropanın təhlükəsizliyinə investisiya qoymaqda və ona zəmanət verməkdə maraqlı olmadığını nümayiş etdirir. Bu, rəsmi Vaşinqtonun Avropaya təzyiq vasitəsi kimi istifadə etdiyi metoddur. Beləliklə, ABŞ Avropanı öz təhlükəsizlik çətiri altında saxlayaraq, ondan asılı vəziyyətdə qalmasına çalışır”.

Politoloqun sözlərinə görə, ABŞ Avropanın hərbi xərclərinin artırılması ilə öz maliyyə xərclərini azaltmaq niyyətini güdür:

oqtay qasimov 5

Oqtay Qasımov

“ABŞ, Rusiya və Çin 3 böyük qlobal güc kimi dünyanın yenidən dizayn edilməsi prosesində əsas iştirakçı roluna iddialıdırlar. Aİ -də mövcud vəziyyətdən çıxmaq, qlobal aktorlardan biri olmaq üçün müəyyən addımlar atmaq istəyir. Avropada hərbi cəhətdən ən güclü dövlətin Türkiyə olduğunu nəzərə alsaq, Aİ-nin Türkiyəyə müraciət edəcəyini düşünmək olar. Lakin Aİ-nin quruluş fəlsəfəsi və ittifaqın aparıcı ölkələrinin ideoloji düşüncələrini nəzərə alsaq qısa müddətdə Türkiyəyə üzvlük vədi verilərək planlarını həyata keçirə biləcəklərini düşünmürəm. Rəsmi Ankara uzun müddətdir ki, Aİ-yə üzvlük məsələsində gözlədilir. Türkiyədən daha aşağı standartlarda olan ölkələr çox qısa zamanda Aİ-yə üzv kimi qəbul olunublar”.

Oqtay Qasımov qeyd edir ki, Aİ Türkiyənin üzvlüyünü qəbul edərsə, bu, Avropanın təhlükəsizlik sistemində köklü dəyişikliklərə gətirə bilər:

“Türkiyə NATO-nun ikinci ən böyük silahlı gücünə malik olan ölkəsidir. Son 10 ildə özü-özünü təmin edən hərbi sənaye kompleksi, yüksək texnoloji silahlar istehsalında Türkiyə önəmli aktor rolundadır. Əgər Aİ Türkiyə ilə konstruktiv, səmimi münasibətlər qurub, qısa müddət ərzində rəsmi Ankaranı öz sıralarına qəbul edərsə, Aİ-nin mənafeyinə daha çox uyğun olar. İndiki məqamda Türkiyənin Aİ-yə yox, Aİ-nin Türkiyəyə ehtiyacı var”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Chosen
39
globalinfo.az

1Sources