“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 288 saylı tam orta məktəbin direktoru Aygün Hüseynova, şagirdlər və müəllimlər iştirak ediblər.
Layihə rəhbəri Məlahət Budaqova layihənin gedişatı, əldə olunan nəticələr və şagirdlərin inkişafı barədə geniş məlumat verib. Daha sonra qonaqlar layihənin əhəmiyyətindən danışaraq öz təəssüratlarını bölüşüblər.
Layihə çərçivəsində keçirilən “Xarizmatik Natiq” təlimlərində şagirdlər natiqlik, ünsiyyət, özünə inam, stress menecment və motivasiya bacarıqlarını inkişaf etdiriblər. İki ay davam edən və həftədə iki dəfə olmaqla keçirilən təlimlərdə 60 şagird iştirak edib. Onlar əsasən praktiki tapşırıqlar üzərində işləyərək natiqlik qabiliyyətlərini təkmilləşdiriblər.
Bağlanış mərasimində “Xarizmatik Natiq” yarışı da keçirilib. Yarışda seçilən üç ən yaxşı natiq və digər iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Qaliblər öz çıxışları ilə tədbir iştirakçılarının rəğbətini qazanıblar.
Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 saylı tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunub. Layihənin məqsədi şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirmək olub.