EN

DB Azərbaycanda BOEM və enerji saxlanc sistemlərinə özəl investisiya cəlb etmək planını açıqlayıb

Dünya Bankı (DB) Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) və batareya enerji saxlanc sistemləri (BESS) sektoruna özəl investisiyaların cəlb edilməsi perspektivlərini araşdırır.

Bu barədəDünya Bankından məlumat verilib.

Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) beynəlxalq investorlara kredit zəmanətlərinin verilməsi imkanlarını nəzərdən keçirir, ölkədəki maliyyə vasitəçiləri isə maliyyələşdirmə qaydalarının sadələşdirilməsi və iqlim investisiyaları risklərinin azaldılması üçün dəstək alacaqlar.

Bildirilir ki, dənizdə külək enerjisinin inkişafı iş istiqamətlərindən biri olacaq. Bu kontekstdə IBRD və IFC tərəfindən hazırlanmış Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi əsasında seminarın təşkil edilməsi planlaşdırılır. Lakin özəl kapitalın cəlb edilməsi üçün rəqabətli açıq tenderlərin keçirilməsi zəruri olduğu qeyd olunur.

Dünya Bankı Qrupu qonşu dövlətlərlə “yaşıl enerji dəhlizi”nin formalaşdırılması çərçivəsində Azərbaycanın “yaşıl enerji” ixracatçısına çevrilməsinə və regional enerji sisteminə inteqrasiyasına kömək etmək üçün dövlət və özəl sektorun səylərini birləşdirmək niyyətindədir. Bundan əlavə, Dünya Bankı metan emissiyalarının azaldılması təşəbbüslərini, xüsusən də qazın məşəldə yandırılması ilə mübarizə sahəsində dəstək göstərməyə hazırdır, bu isə hökumətin həmin layihələrə maraq göstərəcəyi təqdirdə mümkündür.

"Enerji proqramı ölkənin enerji balansında BOEM-in payının artırılmasını və bərpa olunan enerjini inteqrasiya etmək üçün elektrik ötürücü xətlərinin imkanlarının genişləndirilməsini nəzərdə tutacaq. Bu səyləri əlaqələndirmək üçün IBRD, IFC və MIGA təşəbbüslərin həyata keçirilməsinin ayrı-ayrı mərhələlərində müxtəlif alətlərin və dəstək mexanizmlərinin istifadə üsullarını müəyyən edən işçi biznes plan hazırlayıb", - bankdan bildirilib.

Bərpa olunan enerji mənbələrinin fəal şəkildə inkişafına baxmayaraq, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır. Buna baxmayaraq, hökumət iqtisadiyyatın şaxələndirilməsi və ənənəvi enerjidən asılılığın azaldılmasının vacibliyini dərk edir.

"Bunun üçün müxtəlif sektorlarda - sənaye, nəqliyyat, tikinti və kommunal təsərrüfatda bərpa olunan enerji mənbələrinə və təmiz texnologiyalara sərmayə qoyuluşu vacibdir. Həmçinin iqlim dəyişikliyinə uyğunlaşma sürətləndirilməli, su təchizatının, şəhər infrastrukturunun və kənd təsərrüfatının iqlim təhdidlərinə dayanıqlığı artırılmalıdır. Bu, ölkənin tullantıların azaldılması ilə bağlı qlobal öhdəlikləri yerinə yetirməsinə və yeni iş yerlərinin açılmasına töhfə verəcək", - bankdan bildirilib.

Chosen
29
2
aznews.az

3Sources