"58-ci dəqiqə: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, həmin vaxt “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır".

Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker deyib.

Niderlandlı mütəxəssisin sözlərinə görə, "Neftçi"nin etirazlarına baxmayaraq, Azərbaycan kuboku uğrunda yarışın 1/4 final məhələsində "Kəpəz"lə görüşdə (1:0) Bassalu Sambunun meydançadan qovulması qaydalar çərçivəsində olub: "VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, onda sarı vərəqə göstərmək olardı".

Qeyd edək ki, "Neftçi"nin hücumçusu AFFA İntizam Komitəsinin bugünkü iclasında 2 oyunluq diskvalifikasiya olunub, klub 1500 manat cərimələnib.