EN

Piylənmə qlobal sağlamlıq böhranına çevrilir – ÜST

BAKI, TurkicWorld

Dünyada hər səkkiz nəfərdən biri piylənmə ilə yaşayır və 1990-cı ildən bəri artıq çəkili yetkinlərin nisbəti təxminən iki dəfə artıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, piylənmə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əsas sağlamlıq problemlərindən birinə çevrilib.

1990-cı ildə 5-19 yaş arası uşaq və yeniyetmələrin yalnız 2 faizi piylənmədən əziyyət çəkirdisə, 2022-ci ilə qədər bu nisbət dörd dəfə artaraq 8 faizə çatıb.

Piylənmə, bədən yağ kütləsinin həddindən artıq artması nəticəsində yaranan xroniki və kompleks sağlamlıq problemi kimi müəyyən edilir. ÜST bədən kütləsi indeksinin (BKİ) 25-dən yuxarı olmasını artıq çəki, 30-dan yuxarı isə piylənmə hesab edir. Bu vəziyyət ürək-damar xəstəlikləri, 2-ci tip diabet, bəzi xərçəng növləri və digər ciddi sağlamlıq problemləri üçün risk faktorudur.

Son statistikalar göstərir ki, dünyada 18 və daha yuxarı yaşda olan 2,5 milyard insan artıq çəkidən, 890 milyondan çoxu isə piylənmədən əziyyət çəkir. 18 yaşdan yuxarı yetkinlərin 43 faizi artıq çəkilidir ki, bu da 1990-cı ildən bu yana iki dəfə artım deməkdir.

Uşaqlar arasında piylənmə də ciddi narahatlıq doğurur. 2022-ci ildə dünya üzrə 5 yaşına qədər 37 milyon uşaq artıq çəkidən əziyyət çəkirdi. Xüsusilə, Afrikada bu göstərici 2000-ci ildən bəri 23 faiz artıb. Asiyada isə artıq çəkili və ya piylənmədən əziyyət çəkən 5 yaşına qədər uşaqların yarısı yaşayır.

ÜST bildirir ki, artıq çəki və piylənmənin qlobal iqtisadi təsiri də ciddi ölçülərə çatır. Əgər bu problemlə mübarizə aparılmasa, 2030-cu ilə qədər piylənmə və artıq çəkidən doğan qlobal xərclərin illik 3 trilyon dollardan çox olacağı, 2060-cı ilə qədər isə bu məbləğin 18 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.

"The Lancet" jurnalının ÜST-nin töhfəsi ilə yayımladığı 2022-ci il hesabatına əsasən, qadınlar arasında piylənmənin ən çox yayıldığı ölkələr Tonqa və Amerika Samoası, kişilər üçün isə Amerika Samoası və Naurudur. Bu ölkələrdə yetkin əhalinin 60 faizindən çoxu piylənmədən əziyyət çəkir.

Böyük Britaniya qadınlar arasında piylənmə nisbətinə görə 87-ci, kişilər arasında 55-ci yerdədir. ABŞ isə qadınlar üzrə 36-cı, kişilər üzrə 10-cu yerdə qərarlaşıb. Türkiyə isə qadınlar arasında 42-ci, kişilər arasında 60-cı yerdədir.

ÜST bildirir ki, piylənmə əsasən qarşısı alına bilən və idarə oluna bilən bir problemdir. Mütəxəssislər hamiləlik zamanı uyğun çəki artımı, ilk altı ayda yalnız ana südü ilə qidalanma, uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşdırılması, müntəzəm fiziki aktivlik və şəkərli içkilərin istehlakının azaldılmasını əsas preventiv tədbirlər kimi qeyd edirlər.

2022-ci ildə keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyasında ÜST üzv ölkələri piylənmənin qarşısının alınması və idarə olunması üçün yeni tövsiyələr qəbul edib və piylənmənin dayandırılması üçün Sürətləndirmə Planını təsdiqləyib.

Chosen
35
turkic.world

1Sources