EN

Manhaymda hücum nəticəsində xəsarət alan on nəfərdən dördünün vəziyyəti ağırdır

Berlin, 3 mart, AZƏRTAC

Almaniyanın Baden-Vürtemberq əyalətinin Manhaym şəhərində günorta saatlarında avtomobillə insanlara hücumun Almaniya vətəndaşı olan 40 yaşlı şəxs tərəfindən törədildiyi müəyyən edilib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, axşam saatlarında hadisə ilə əlaqədar təşkil edilən mətbuat konfransında iki nəfərin həlak olduğu, on nəfərin isə xəsarət aldığı bildirilib. Xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl hadisəni törədən şəxsin Raynland-Pfalts əyalətinin Lüdviqshafen şəhərinin sakini olan 40 yaşlı Almaniya vətəndaşı olduğunu qeyd edib. Onun psixi problemləri olduğu bildirilir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts, federal seçkilərin qalibi olan Xristian Demokratlar İttifaqının (CDU) Kansler vəzifəsinə namizədi Fridrix Merts açıqlamalar yayaraq hadisəni kəskin şəkildə qınayıblar.

Federal daxili işlər naziri Nensi Fezer Manhaym şəhərinə gəlib.

Xatırladaq ki, naməlum şəxs idarə etdiyi “Ford Fiesta” markalı avtomobili yerli vaxtla saat 12 radələrində Manhaym şəhərinin mərkəzində insanların üzərinə sürüb. Hadisəni törədən şəxs saxlanılarkən pnevmatik tapança ilə özünə ağız nahiyəsindən atəş açıb. Ağır xəsarət alan həmin şəxs xəstəxanaya yerləşdirilib.

Bu hadisə ilə əlaqədar bir sıra şəhərlərdə keçirilməsi nəzərdə tutulan karnaval və konsertlər ləğv edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
34
azertag.az

1Sources