İnsan dərisi elə qurulub ki, müxtəlif vəziyyətlərdə, hətta əhəmiyyətsiz bir toxunuşdan belə dəridə qançırlar (göyərmələr) yarana bilər.
Bu barədə rusiyalı endokrinoloq Anastasiya Vastistova “Gazeta.ru” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, müəyyən dərmanların qəbulu, xroniki xəstəliklər və ya yaşla bağlı dəyişikliklər, birləşdirici toxuma xəstəlikləri və ya vitamin çatışmazlığı hematomanın yaranmasına səbəb ola bilər.
“Əgər dərmanlardan danışırıqsa, burada söhbət dərmanların yaratdığı trombositopeniyadan gedir. Trombositopeniya – qan laxtalanması sistemində və damarların daxili selikli qişasının (endoteliya) regenerasiyasında (bərpasında) iştirak edən, onların möhkəmliyini təmin edən trombositlərin sayının azalmasıdır”, – deyə həkim bildirib.
Bundan əlavə, onun sözlərinə görə, hamiləlik də trombositopeniyaya səbəb ola bilər. Bu xəstəlik hamilə qadınlar arasında qan azlığından sonra ikinci yerdədir. Xoşbəxtlikdən, tibbi müdaxilə tələb etmir və öz-özünə keçir.
Qançırlar həmçinin qaraciyər funksiyasının pozulması, ürək və ya böyrək çatışmazlığı, revmatoloji xəstəliklər və ya viral infeksiyalar kimi xroniki xəstəliklər nəticəsində də ortaya çıxa bilər.
Bundan əlavə, mütəxəssisin fikrincə, qançırlar və ya senil purpur çox vaxt yaşla bağlı dəyişikliklər nəticəsində yaranır, çünki yağ və əzələ toxumasının təbəqələri yox olur, eyni zamanda dərinin və damar kollageninin möhkəmliyi azalır.