EN

Ölüm içkisi...Dəhşətdir, qarşısı mütləq alınmalıdır

Aktyorlar, aparıcılar, hətta idmançılar da enerji içkilərini reklam edir

Milli Məclisdə əhalinin sağlamlığı ilə bağlı aktual məsələyə toxunulub. Milli Məclisin İnsan Hüquqları komitəsində ombudsmanın 2024-cü il üzrə məruzəsinin dinlənilməsi zamanı insan sağlamlığına zərər verən enerji içkilərinin genefondumuzu təhdid etdiyi bildirilib. Enerji içkiləri ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri adlandırılıb. Qeyd edilib ki, enerji içkiləri ilə bağlı da hesabat hazırlanmalıdır. Enerji içkilərinin satışı və istifadəsi də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil edilməlidir. 

Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü büruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir. Enerji içkiləri, həqiqətən də, ciddi problemdir. Enerji içkilərinin sağlamlığa ciddi ziyan vurduğu illərdir ki, tibb və qida mütəxəssisləri tərəfindən bəyan edilir. Amma məsələ burasındadır ki, bu zərərli, təhlükəli içkilərin açıq satışda olmaları bir yana, üstəlik, gen-bol reklamı da aparılır. Xüsusən də efirlərdə. Hazırda demək olar bütün telekanalların efirində enerji içkiləri reklam olunur, istər tok-şou, istərsə əyləncəli verilişlər, hətta mətbəx – qida ilə bağlı verilişlərdə də. Bəzən konsert salonlarında geniş auditoriyaya təqdim edilən konsert və konsert-tamaşaların əsas sponsorları məhz enerji içkiləri olur. Əgər bu, ziyanlıdırsa və hətta Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ 2022-ci ilin avqustunda 12 adda enerji içkisinin (o cümlədən “Hell”, “Bizon”), əslində, enerji içkisi olmadığına və istehlakçıların aldadıldığına dair rəsmi xəbərdarlıq yayırsa, o zaman bu dərəcədə geniş reklama niyə icazə verilir?           
Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, enerji içkisi adı altında satışa çıxarılan içkilərin insan sağlamlığına zərəri birmənalıdır: 
- Ən dəhşətlisi budur ki, enerji içkisinə görə həyatını itirənlərin sayı artır. Bir çox insan isə həmin bu təhlükəni görmür və ya görmək istəmir. Bəzi şirkətlər məhsullarını enerji içkisi adı ilə satsa da, onlar, əslində, qatqılarla hazırlanmış təhlükə doğuran sərinləşdirici içkilərdir. 4-cü sənaye inqilabı əsridir. Bazar iqtisadiyyatı olduğu üçün kim hansı məhsulu istəyir, satır. Təbii ki, burada normativləri aşmaq olmaz. Enerji içkiləri ilə bağlı bir müddət əvvəl AQTA məlumat yaydı ki, bəzi enerji içkiləri heç enerji içkisi deyil. Həmin içkiləri istehsal edən şirkətlər məhsulun üzərinə sərinləşdirici şirə və s. yazmalıdırlar. Amma sərinləşdirici içkilərin özü də ziyanlıdır və orqanizm üçün təhlükə daşıyır, çünki onların istehsalı zamanı da kimyəvi qatqılardan, rəngləndirici, süni dadlandırıcılardan istifadə edilir. Enerji içkiləri niyə təhlükəlidir, çünki onların tərkibinə “tavrin” maddəsi vurulur ki, o, yaratdığı müvəqqəti enerjini borc kimi verir, sonra baş ağrısı, ürək qan-damar sisteminin pozulması, yaxud da qəfil ölümlə nəticələnir. Bu içkilərdə fosfor istifadə olunduğuna görə şəkərə də səbəb olur. Həm də xəbərdarlıq edilir ki, 18 yaşına çatmayan şəxslərin enerji içkilərindən istifadəsi qadağandır. Həmin içkilərdə bir bankaya görə hesablanmış normativlər var. Məsələn, tavrilen bir bankaya görə neçə milli qram istifadə olunursa, bu, məhsulun üzərində yazılmalıdır. Eyni zamanda birdəfəlik qəbulun dozası da etiketdə qeyd olunmalıdır.
Ekspert qeyd etdi ki, enerji içkiləri insanda asılılıq yaradır, bir neçə dəfə qəbul edildikdən sonra yenə içmək meyli yaranır: - Bu, insanların özündən asılıdır. Şəxs həftədə bir neçə banka enerji içkisi qəbul edə bilər. Lakin bunu vərdiş halına gətirmək sağlamlıq üçün ciddi təhlükə yaradır. Məsələn, gündə 7-8 banka içən gəncin gələcəyi təhlükə altındadır. Təbii ki, məhsulun daha çox satılması istehsalçıların maraqlarına uyğundur. AQTA bu barədə zəruri addımı atıb. Belə ki, müəyyən qrup içkilərin enerji içkisi olmadığı barəsində xəbərdarlıq verib. Yəni həmin içkilərə əlavə olunan qatqı maddələri birbaşa insan sağlamlığı üçün təhlükə yaradır. Enerji içkiləri qlobal yayılmış məhsul olduğu üçün onların qarşısını almaq mümkün deyil. Onların öz normativləri olduğu üçün kimsə qadağa qoya və ya fəaliyyətinə məhdudiyyət tələb edə bilməz. Ancaq dövlət müdaxilə edə bilər. Bu da keyfiyyət problemi zamanı ola bilər. Əsasən isə istehlakçılar özləri müvafiq dozanı aşmamalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə enerji içkilərinin qəti şəkildə qadağan olunmasının vacibliyini vurğuladı: 
- Azad İstehlakçılar Birliyi birmənalı şəkildə iş aparır ki, reklam haqqında qanuna dəyişiklik edilsin və enerji içkiləri reklamı tam qadağan olunsun. Aktyorlar, aparıcılar, hətta sağlamlığın nə dərəcədə önəmli olduğunu hər kəsdən daha artıq bilən və sağlam həyat tərzini təşviq etməli olan idmançılar da enerji içkilərini reklam edir. Bu, dəhşətdir. İdman yarışlarına, konsertlərə, tv-proqramlara enerji içkilərinin sponsorluq etməsi yolverilməzdir. Bununla zərərli içkiləri reklam edirlər, insanları buna yönləndirirlər. Qarşısı mütləq alınmalıdır. 

Chosen
49
sherg.az

1Sources