ABŞ prezidenti Donald Trampın Vaşinqtonun xarici siyasətində dəyişiklik siqnalları və Ukrayna lideri Vladimir Zelenskini kameralar qarşısında danlaması bir çox paytaxtlarda müdafiə narahatlığını artırıb.
Hafta.az-ın yazdığına görə, özünü Çindən müstəqil hesab edən separatçı Tayvan və 1968-ci ildə Praqa baharından sonra ərazisinə Sovet İttifaqı tanklarının girməsinin xatirəsi ilə Rusiyadan çəkinən Çexiya qurduqları qeyri-adi əlaqələrlə özlərini qorumağa çalışırlar.
“Wall Street Journal” Çexiya ilə Tayvanın yaxınlaşmasına diqqət çəkib. Bildirilib ki, Praqa ilə Taypey arasında kəşfiyyat, ticarət və investisiya sahələrində davam edən əməkdaşlıq hər iki tərəfə fayda verir. İki ölkə arasında rəsmi diplomatik əlaqələr olmasa da, Çinin təcridindən qurtulmağa çalışan Tayvan “hökuməti” ilə dünya ölkələri arasında əlaqənin məhz Çexiya üzərindən təmin edildiyi bildirilir.
Çexiya Taypeyin Ukraynaya göndərdiyi humanitar yardımı bölgəyə çatdırir, Praqa rəhbərliyi NATO-da Tayvanın hüquqlarını ən çox müdafiə edir.
Asiya-Sakit okeanda Çinə qarşı Yaponiya və Cənubi Koreya ilə ittifaq quran NATO-nun Tayvanla bağlı tərəddüdlə hərəkət etdiyi vurğulanır.
Tayvan Milli Təhlükəsizlik Şurasının baş katibi Cozef Vunun “Çexiya bizə ehtiyac duyduğumuz zaman dəstək olmaq üçün oradadır” dediyi xatırladılıb.
Tayvanın Rəqəmsal Məsələlər nazirinin müavini Çiueh Herminq hesab edir ki, Çexiya və qonşuları Çinlə təcrübələrini yüksək qiymətləndirirlər: “Rusiyanın ətrafındakı hər bir NATO ölkəsi bizimlə görüşmək istəyir”.
Herminq keçən il Praqada dənizaltı internet kabellərinin mühafizəsi ilə bağlı konfransda iştirak edib. Bu kabellərin qırılmasından həm Tayvan, həm də Avropa ölkələri əziyyət çəkir. Bu hadisələrdə Rusiya və Çinin əli olduğu iddia edilir.
Çexiyanın Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyinin direktoru Lukas Kintr, Rusiyanın Avropadakı təsir əməliyyatları haqqında Çiueh Herminqə ətraflı məlumat verdiklərini izah edir və “Biz Tayvandan da Çin haqqında nəsə öyrənə bilərik” deyir.
WSJ-nin xəbərində iki ölkə arasındakı münasibətlərin 1989-2003-cü illərdə Çexiyaya rəhbərlik etmiş Vatslav Havel dövrünə təsadüf etdiyi də bildirilib. Bildirilib ki, Tayvan texnologiya şirkətləri hələ 2004-cü ildə Aİ-yə daxil olmamışdan əvvəl Çexiyanı Avropadakı bazası kimi müəyyənləşdiriblər.
Tayvanda ilk Avropa dəstəkli beyin mərkəzini idarə edən çexiyalı beynəlxalq təhlükəsizlik eksperti Yakub Janda ABŞ-ın xarici siyasətindəki dəyişikliyə diqqət çəkir. Praqada yerləşən Təhlükəsizlik Siyasəti üzrə Avropa Dəyərlər Mərkəzindən Janda deyir ki, "məsələ kiçik ölkələrin necə sağ qalmasıdır".