EN

“Ocağınız bərəkətli olsun”

“Ocağınızda kül titrəsin, odunuz xeyrə oynasın”

 “Od çərşənbəsi”-“Xəbərçi çərşənbə” gəldi çatdı

 Novruz bayramı ilin 365 gününü əhatə edən xalq təqvimi sistemidir, 4 fəsli əhatə edir. Bəzən bu bayramı elə coğrafiyada yayılmış dini inanclarla əlaqələndirirlər ki, həmin coğrafiyalarda cəmi 2 fəsil var: yay və qış, yaxud musson yağışları olan fəsil, musson yağışları olmayan fəsil. Bu bir az geniş mövzudur…

Maraqlı bir məqamı qeyd edim. Tarixi mənbələrdə, klassik ədəbiyyat nümunələrində bayram və novruzlardan söhbət gedir. Bizim bu gün Novruz kimi qəbul etdiyimiz gün sadəcə “bayram”, çərşənbələr isə “novruz”, “bala çillə” adlanırmış…

İlaxır çərşənbələrin ikincisi od çərşənbəsidir. Bu çərşənbə Boz ayda keçirilən 4 doğruçu çərşənbədən ikincisidir. Bütün çərşənbələrdə olduğu kimi od çərşənbəsində də tonqal yandırılır.

Bu doğru çərşənbəni- “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”- qeyd edirik. Bu çərşənbə də doğru çərşənbələrdən sayıldığından “doğru üskü” də adlandırılır. “Üskü” elə od, günəş həlqəsi deməkdir.

Günəş, od, işıq bütün inamlarda, inanclarda, dinlərdə mühüm yer tutur. İlk növbədə kainatda gedən astronomik proseslərə, fəsillərin bir-birini əvəz etməsinə, xalqın maldarlıq və əkinçiliklə bağlı həyat tərzinə diqqət yetirmək lazımdır…

Bütün qədim xalqlar özlərini Günəşin oğulları sayıb, ona səcdə ediblər. Elə Oğuz xan oğlu Gün xana əcdadının adını vermişdi. Belə çoxsaylı nümunələr gətirmək mümkündür.

Ən gözəl alqışlar odla bağlıdır, ən dəhşətli qarğışlar da odla bağlıdır.

Alqış söyləyəndə “Ocağın bərəkətli olsun”, “Ocağın odlu olsun”, “Ocağına nur çilənsin”, “Ocağın sönməsin”, “Gün işığına çıxasan”-deyiblər. Qarğış söyləyəndə “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan”, “Ocağın qazan görməsin”, “Gün işığı görməyəsən-deyiblər. Bunu demək belə çox ağırdır.

Azərbaycanın hər yerində isə odun üstündən tullanmağın yüngüllük yaradacağına inanırlar. Hətta xəstələri qucaqlarında odun üzərindən keçirirdilər ki, ağırlığı odda yansın. Ağırlığını ocağa tökmək inancı “Çevir ocağa, al qucağa” atalar sözündə də yaşayır.

Tonqal başına toplananlar növbə ilə alovun üstündən tullanarlar. Hoppananlar ağırlığını oda tökməklə sanki günahlarından arınmaq istəyirlər. İnanırlar ki, od günahları, pislikləri yandırır. Od təmizlənməni ifadə edir. Eyni zamanda odun qalanması yerin isidilməsi mənasındadır, insanlar sanki ocaq qalamaqla yazın gəlişini tezləşdirilməsinə çalışırlar. Bəzi etnoqrafik ədəbiyyatlarda qeyd olunur ki, ocağın külü əkin yerlərinə tökürdülər.

Etnoqrafik ekspedisiyalar zamanı maraqlı mərasimlər qeydə alınıb. Qışlaqlarda sürüləri tonqalların arasından keçiriblər ki, bədnəzərdən, qurddan-quşdan uzaq olsun. Quzuları qucaqlarına alıb tonqalın üstündən tullanıblar… Zərdüştülüyə, atəşpərəstliyə görə isə isə insan nəfəsi oda dəyməməlidir, yoxsa od murdarlanar…Belə faktları nəzərə almadan qapayıb Novruzu atəşpərəstliklə, zərdüştülüklə bağlamaq düzgün deyil.

Çərşənbələrdə evdə sınıq, qırıq əşyalar saxlamazdılar, atardılar. Bununla da həyatlarında qırıqlığın, sınıqlığın qalmaması niyyətini edərdilər.

Novruz bayramı ərəfəsinə aid mərasimlərdən biri “Qodu-Qodu” (Qodu xan) oyunudur. Çox ehtimal ki, bu oyun “Üskü çərşənbə” ilə daha çox bağlıdır. “Qodu-qodu” oyununda cavanlar üzərinə qırmızı şilə çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və nəğmələr oxuyardılar. Bu oyun qədim zamanlardan aramsız yağan yağışın kəsilməsi üçün də keçirilirdi. Oyunda bəzən qadın formasında kuklalar düzəldilir və yağışın altında gəzərək qodunun şəninə nəğmələr oxuyur, onu öyürdülər. Qodunu günəşin rəmzi olaraq qırmızı parçaya büküb günəşin çıxmasını, yağışın kəsilməsini arzulayırdılar.

Mifik təfəkkürə görə Qodu ağlayanda yağış yağar, güləndə gün çıxarmış. Aramsız yağan yağışı kəsmək üçün insanlar Qoduya müraciət edər, onun könlünə insaf salmaq üçün bəxşiş gətirərdilər.

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.

*

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir.

Qoymayın ağlamağa.

“Od düşdüyü yeri yandırar”, “Od yanan yerdən tüstü çıxar”, “Ocağın altdan köz, adamın altdan söz”, “Od olmasa tüstü çıxmaz”, “Ocaq içindən tutuşar”, “Ocaqdan köz əskik olmaz”, “Oddan kül törər, küldən nə törər?”, “Od haqqı”, “Odu söndürüb külü ilə oynamazlar”, “Çör- çöplə yanan ocağın istisi olmaz”, “Tüstü kötükdən çıxar, budaqdan çıxmaz”, “Yanmayanda yanmaz, ha yellə, ha ətəklə” kimi çoxlu atalar sözləri söyləyən ata-babalar inanıblar ki, od hisli olarsa, uzaqdan qonaq gələr. Ya da ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Yaxud ocaqda kül titrəyəndə od xeyrə oynayır.

İnanca görə, çərşənbədə ocağı boş qoymazlar. Süfrəniz bol olsun, ruzi-bərəkətli olsun! Canınız sağ olsun!

Çərşənbəniz mübarək olsun!

 

Bəhmən Əliyev

tarix üzrə fəlsəfə doktoru, dosent, etnoloq

AMEA A.A.Bakıxanov adına

Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qədim türklərin 12 heyvanlı təqvimi vardı. Bu təqvim əfsanəyə görə (bunu Kaşqarlı Mahmud yazır) bir türk hökmdar tərəfindən heyvanların bir çayı keçmək sürətinə görə təyin edilmişdi

Məlikşah dövründə Səlcuq dövləti Bağdadda Nizamiyyə Universiteti təsis edildi. İsfahan rəsədxanası tərəfindən onun dövründə Cəlali təqvimi yaradıldı

 

Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur.

Nəsirəddin Tusi Çingiz xanın hakimiyyətə gəldiyi 1302- ci ildən hesablamağa başladığı “Zic-i Elxani” əsərində türk təqvimini hicri təqviminə çevirməyin üsulundan bəhs edirdi. Elxani Təkudərin İslama keçməsindən sonra bu təqvim yavaş-yavaş dəyişməyə başladı və hicri ilə birləşdi. Məsələn, artıq “Bars ili, Ramazan ayı” ifadəsi istifadə olunurdu. Lakin bu yeni bir problemə gətirirdi, bu təqvimlər bir-birləri ilə “yola getmirdilər”. Türk təqvimində gün gecəyarıdan başlayır (indiki kimi), müsəlman təqvimində isə günəş batandan sonra. Bundan əlavə, müsəlmanlar bəzən yeni ayı görməyəndə təqvimi yola verirdilər (məsələn, indiki kimi oturub Ramazanda ayın görünməyini gözləmək kimi). Lakin türk təqvimində ayı görməyə ehtiyac yox idi – çünki günəşə baxılırdı.

 

Qazan xan müsəlmanlığa keçəndən sonra təqvimin stili bir az da dəyişdi. 13 Mart 1302-ci ildə “Xani təqvimi” işlənməyə başlandı. Bu təqvim də günəşi izləyirdi amma yeni il artıq Yanvarda yox, Novruz bayramı günündə qeyd olunmağa başlamışdı. Aylar türkcə qalsa da, illərdən heyvan adları çıxarıldı. Ondan sonrakı hökmdar Olcaytu şiəliyə keçdiyi və monqol adətlərinə qayıtmağı istədiyi üçün yenidən heyvan adlı ayları istifadəyə başladı.

Olcaytunun bu qərarından sonra İranda türk təqvimi istifadəsi həmişəlik təsdiqləndi

. Hətta İsgəndər bəy Münşi “Dünyanı bəzəyən Abbasın tarixi”ni yazarkən belə bir qeyd edir:
“Ərəblərdə ilin başlanğıcı hicri tarixlə məhərrəm ayının birindən başlayır və əcəm əhli bu tarixi başa düşməz. Türk və əcəm əhli üçün ilin başlanğıcı novruzun başlanmasıdır. Novruzun başlanması isə aləmi bəzəyən baharın əvvəlidir. Yeni Novruzun gəlməsindən ötrü gərəkdir ki, dörd fəsil bitmiş olsun və yeni il başlansın. Məhərrəm ayı isə türk ilinin əvvəlində yox, içərisindədir. İstedad sahiblərinin yazdıqları tarixlər isə türk təqviminin başlanğıcı ilə uyğun gəlmir, yəni o tarixlərin bəzisi sabiq hicri tarixi ilə düz gəlir, bəzisi isə yox. Yəni ya azdır, ya da çox. Bu həqir zərrə borcludur ki, “Aləmara” kitabı anlaşılmazlıqdan və müşkülatdan uzaq olsun və hamı tərəfindən başa düşülsün. Biz həmin ixtilafın olmamasından ötrü, hamı tərəfindən daha aydın anlaşıları türk ilini əsas götürdük ki, həm hadisələr əhatəli, həm də cahandarlıq yolunun yolçuları üçün aydın olsun.”

Səfəvilərdən sonra da bu təqvim İranda istifadə edilir. Məsələn, Məhəmməd şah Qacarın 1843-cü ilə aid bir fərmanında “tavışqan yıl” (dovşan ili) ifadəsi var.

Nəhayət 31 Mart 1925-ci ildə Rza Şahın əmri ilə bu təqvim ləğv olunaraq hazırki İran təqviminə keçildi.

 

 

 

 

 

Chosen
30
heftelik.az

1Sources