EN

Məktəbli valideynlərinin bayram təlaşı: Bir şokolad, kiçicik hədiyyə...

Beynəlxalq Qadınlar Günü hər il ölkəmizdə böyük coşqu ilə qeyd olunur. Bu gün müəllimlər də təbriklər arasında xüsusi yer tutur. Bəziləri bunu müəllimlərə hörmət və minnətdarlıq jesti kimi görür, digərləri isə belə ənənələrin düzgün olmadığını düşünür.

Bəs valideynlər bu barədə nə fikirləşir? 

Yenisabah.az bu barədə valideynlərin fikrini öyrənib:

Aynur xanım (39 yaş, iki övlad anası):

“Müəllimlərə hədiyyə və ya simvolik pul vermək onların əməyinə dəyər verməkdir. Axı onlar bizim övladlarımızın tərbiyəsinə və təhsilinə illərini sərf edirlər. Bir çiçək, bir şokolad və ya kiçik bir hədiyyə ilə onların sevincinə səbəb olmaq pis bir şey deyil”.

Ramin bəy (42 yaş, birinci sinif şagirdinin atası):

“Düşünürəm ki, bu, bir ənənədir və ona pis baxmaq lazım deyil. Əsas odur ki, məcburiyyət olmasın. Kim istəyirsə, öz təşəbbüsü ilə müəllimləri sevindirə bilər. Nəticədə, bu gün qadınların günüdür və müəllimlərimizin əksəriyyəti xanımlardır”.

Leyla xanım (35 yaş, iki uşaq anası):

“8 Mart sadəcə bir bayramdır, və müəllimləri də unutmaq lazım deyil. Mən düşünürəm ki, birgə yığışıb onlara simvolik bir şey almaq olar. Ancaq bunun məcburi hal alması düzgün deyil”.

Elçin bəy (45 yaş, iki uşaq atası):

“Məncə, müəllimlərə hədiyyə və ya pul vermək köhnə və yanlış ənənədir. Təhsil sistemi elə qurulmalıdır ki, müəllimlər öz işlərinə görə layiqli maaş alsınlar və əlavə gözləntilər olmasın. Çünki bu, tədricən korrupsiyaya və məcburiyyətə çevrilir”.

Gülnarə xanım (38 yaş, məktəbli övlad anası):

“Hədiyyə məsələsi artıq bir vərdiş halını alıb. Bir çox hallarda valideynlər məcburiyyət hiss edirlər. Mən özüm şəxsən müəllimləri təbrik etməyin tərəfdarıyam, amma maddi nəsə vermək düzgün deyil”.

Samir bəy (40 yaş, bir uşaq atası):

“Bu cür şeylər müəllimlər və valideynlər arasında əlavə təzyiq yaradır. Kiminsə maddi imkanı olmayanda, özünü pis hiss edir. Buna son qoymaq lazımdır. Əsas diqqət müəllimin əməyinə verilən dəyər olmalıdır, hədiyyələrə yox”.

Aytac Şahin


Telegram kanalımız
Chosen
34
1
yenisabah.az

2Sources