EN

“Microsoft” həkimlər üçün “Dragon Copilot” adlı AI köməkçini təqdim edib

Bakı, 4 mart, AZƏRTAC

“Microsoft” şirkəti “Dragon Copilot” adlı səhiyyə üçün yeni süni intellekt köməkçisini təqdim edib. Şirkətin dediyinə görə, bu köməkçi həkimlərə gündəlik inzibati işlərin həcmini azaltmaqla xəstələrlə daha çox vaxt keçirməyə kömək edəcək.

AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, süni intellekt üzrə köməkçi “Dragon Copilot” mövcud həllər – “Dragon Medical One” nitqin tanınması proqramı və həkimin qəbul zamanı pasiyentlə söhbətin sənədləşdirilməsi üçün imkanları birləşdirən “DAX Copilot” proqramı əsasında yaradılıb.

Şirkətdən verilən məlumata görə, “Dragon Copilot” həkimlərə tibbi mənbələrdən məlumatları tez bir zamanda çıxarmağa və avtomatik olaraq klinik qeydlər, dərman tövsiyələri, xəstələrə baş çəkmə xülasələri və digər funksiyalar yaratmağa kömək edəcək.

“Yeni texnologiya həkimlərə diqqəti kompüterə deyil, xəstəyə yönəltməyə imkan verəcək ki, bu da daha yaxşı nəticələrə və yekunda ən yaxşı səhiyyə xidmətinə gətirib çıxaracaq", -deyə “Microsoft”un qlobal səhiyyə üzrə vitse-prezidenti doktor David Ryu jurnalistlərə bildirib. “Google Cloud”un oktyabr ayında apardığı araşdırmaya görə, həkimlər həftədə təxminən 28 iş saatını sənədləşmə prosesi kimi inzibati işlərə sərf edirlər. Kargüzarlıq iş yükü tibb işçiləri arasında yorğunluğun əsas səbəbidir.

2021-ci ildə “Microsoft” şirkəti “Dragon Medical One” və “DAX Copilot” həllərinin tərtibatçısı olan “Nuance Communications” firmasını 16 milyard dollara əldə edib və bu, onu yüksəkrəqabətli süni intellekt yazma (nitqin tanınması və qeydi) bazarında əsas oyunçuya çevirib.

“DAX Copilot” kimi proqramlar həkimlərə xəstə ilə qarşılıqlı əlaqədə olarkən real vaxtda klinik qeydlər aparmağa imkan verir. “Microsoft”a görə, bu tətbiqdən son bir ayda 600 səhiyyə təşkilatında 3 milyondan çox həkim-xəstə ziyarətində istifadə olunub.

Chosen
27
azertag.az

1Sources